REGİONLAR
Saatlıda Muğan-Meliorasiya Təcrübə Stansiyasının 100 illiyi qeyd edilib
Bakı, 22 dekabr, AZƏRTAC
“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin (ASC) Saatlı rayonunun Cəfərxan kəndində yerləşən Muğan-Meliorasiya Təcrübə Stansiyasının 100 illiyi qeyd edilib.
Bu münasibətlə əvvəlcə Səhmdar Cəmiyyətinin rəhbərliyi və kollektivi, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının, Nazirlər Kabinetinin, rayon icra hakimiyyətinin nümayəndələri ümummilli lider Heydər Əliyevin Saatlı şəhərindəki abidəsinin önünə əklil və gül dəstələri qoyublar.
Səhmdar Cəmiyyətindən AZƏRTAC-a bildiriblər ki, daha sonra Muğan-Meliorasiya Təcrübə Stansiyasının binasında elmi-praktik konfrans keçirilib.
Konfransda çıxış edən “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri Əhməd Əhmədzadə ulu öndərimiz Heydər Əliyevin və dahi rəhbərin siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin ölkə iqtisadiyyatının bütün sahələri kimi, meliorasiya və su təsərrüfatı sahəsinə də daim xüsusi diqqət və qayğı göstərdiklərini qeyd edib. Bildirilib ki, məhz bu diqqət və qayğı sayəsində Muğan-Meliorasiya Təcrübə Stansiyası tarixi bir yol keçib və torpaqların meliorasiyası sahəsində dünya əhəmiyyətli bir məktəbə çevrilib. Hələ çar Rusiyası dövründə (1870-ci illərdə) Budapeşt bankının vəsaiti hesabına Cəfərxan kəndində böyük meliorasiya işləri aparılıb. Almaniyadan və Rusiyadan dəvət edilən mütəxəssislər tərəfindən 1914-cü ildən etibarən burada örtülü drenlər və arx tikintisi ilə ciddi məşğul olunub.
Əhməd Əhmədzadə vurğulayıb ki, dünyanın ən qədim suvarma əkinçiliyi mədəniyyətinə malik ölkələrindən biri olan Azərbaycanda ilk dəfə 1904-cü ildə Muğanda torpaqların şorlaşması səbəblərinin elmi əsaslarla öyrənilməsinə başlanılıb və sonralar bu məqsədlə 1914-cü ildə Cəfərxan Şorlaşma Stansiyası yaradılıb. Daha sonra Muğan-Meliorasiya Təcrübə Stansiyası adlanan bu stansiyada şorlaşmış torpaqların drenaj fonunda müxtəlif üsullarla yuyulması üzrə elmi təcrübələr aparılaraq drenajın işi, konstruksiyası, dərinliyi və təsir zonası öyrənilib. Duzların zərərlilik dərəcəsinə görə şorlaşmış torpaqların təsnifatı tərtib olunub. Şorlaşmış torpaqların yuyulmasında müxtəlif yuma üsulları və yuma texnologiyaları sınaqdan çıxarılıb. Duzluluq dərəcəsindən asılı olaraq yuma normaları təyin olunaraq istehsalata tövsiyə edilib.
Diqqətə çatdırılıb ki, ötən əsrin 30-cu illərində şoran torpaqların meliorasiyasında drenajın səmərəliliyi və məqsədəuyğunluğu, həmçinin onun keçmiş SSRİ respublikalarında geniş tətbiqi məhz bu stansiyanın tədqiqatları əsasında mümkün olub. Xüsusən XX əsrin 50-ci illərindən sonra bu stansiyanın fəaliyyəti genişlənərək bölgədə əsl elmi bazaya çevrilib. Görkəmli tədqiqatçı alimlərimiz C. Əliyev, V. Volobuyev və digərləri uzun illər həmin stansiyada səmərəli elmi tədqiqat işləri aparıblar.
Bildirilib ki, dünya təcrübəsində ilk dəfə olaraq Muğan düzündə Cəfərxan Təcrübə Stansiyasının ərazisində örtülü drenaj şəbəkəsinin tikintisinə başlanılıb. Bu sistem hazırda da səmərəli fəaliyyət göstərir. Stansiyada müxtəlif vaxtlarda azərbaycanlı professorlar M. Abutalıbov, V. Volobuyev, C. Əliyev, A. Muradov, A. İbrahimov və başqaları çalışıblar.
Qeyd edilib ki, hazırda bu stansiya Səhmdar Cəmiyyətin Azərbaycan Hidrotexnika və Meliorasiya Elm-İstehsalat Birliyinin tabeçiliyində fəaliyyət göstərir. Elm-İstehsalat Birliyində 258 nəfər əməkdaş çalışır. Onlardan 11 nəfəri elmlər doktoru, 54 nəfəri elmlər namizədidir. Stansiya respublikada torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması, ötən əsrin 30-cu illərində inşa olunmuş örtülü drenajların iş rejiminin öyrənilməsi üzrə monitorinq işlərinin, dünyada baş verən iqlim dəyişmələri ilə əlaqədar “su-torpaq-məhsul” münasibətlərinin öyrənilməsi üzrə elmi-tədqiqat işlərini davam etdirir.
Konfransda digər çıxış edənlər də stansiyada aparılan elmi-tədqiqat işlərinin dünyəvi əhəmiyyətə malik olduğunu qeyd ediblər.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının aqrar siyasət məsələləri şöbəsinin müdiri Azər Əmiraslanov konfransda iştirak edib.