REGİONLAR
Saatlıda bu günədək 6 min 515 ton “ağ qızıl” yığılıb
Saatlı, 27 oktyabr, Mahir Babayev, AZƏRTAC
Saatlıda pambıq yığımı uğurla davam edir. Yığıma mütəşəkkil başlayan saatlılı pambıqçılar pambıq tarlalarından indiyədək 6 min 515 ton “ağ qızıl” toplayaraq qəbul məntəqələrinə göndəriblər.
Rayon Statistika İdarəsindən AZƏRTAC-a bildiriblər ki, bu il Saatlıda 8 min 109 hektar sahədə pambıq əkilib. Ötən il isə bu rəqəm 3 min 768 hektar olub.
Təcrübəli pambıqçı, fermer Famil Əzimov bildirib ki, dövlətimizin başçısının qeyri-neft sektorunun inkişafına verdiyi dəstək, eləcə də pambığa subsidiyanın ayrılması fermerlərin bu sahəyə marağını xeyli artırıb. Pambıqçılığın inkişafı ilə bağlı torpaq mülkiyyətçilərinə dövlət tərəfindən edilən güzəştlər, alış qiymətinin artırılması öz gözəl bəhrəsini verib. İndi sahələrdə ötən ildəkindən qat-qat çox məhsul var və hər hektardan orta hesabla 25 sentner məhsul götürülür.
Hazırda tarlalarda 10 pambıqyığan kombayn işləyir və yığılan 6 min 515 ton pambığın yarıdan çoxu texnikanın köməyi ilə toplanıb.