REGİONLAR
Saatlıda gənclərin məşğulluq imkanlarının artırılması İlə bağlı təlimlər keçirilib
Saatlı, 4 sentyabr, Mahir Babayev, AZƏRTAC
Saatlıda Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə işsizlik problemi ilə bağlı layihə həyata keçirilib. Qaçqın və məcburi köçkün gənclərin məşğulluq imkanlarının artırılması məqsədi daşıyan təlimlərin təşkilini nəzərdə tutan layihə “Gənclərin Elmi İnkişafına Dəstək” İctimai Birliyinin təşəbbüsü ilə reallaşdırılıb.
İctimai birlikdən AZƏRTAC-a bildiriblər ki, layihə çərçivəsində 8 günlük təlim-məlumatlandırma sessiyaları keçirilib. Ümumilikdə isə layihənin icra müddəti üç ay olub. Layihə çərçivəsində işsiz gənclər üçün kiçik sahibkarlıq fəaliyyəti, kompyuter bilikləri, ictimai iaşə xidmətləri, asudə vaxtının təşkili və digər istiqamətlərdə təlimlər təşkil olunub.
Təlim çərçivəsində iştirakçılara motivasiya məktublarının hazırlanması, CV- lərin tərtib olunması, dövlət qulluğuna qəbul, “Elektron hökumət”dən istifadə qaydaları haqqında ətraflı məlumat verilib.
Təlimlərin sonunda məşğulluq və əmək münasibətlərinə dair gəncləri maraqlandıran çoxsaylı suallar cavablandırılıb.