REGİONLAR
Saatlıda payızlıq taxıl əkini başa çatıb
Saatlı, 27 dekabr, Mahir Babayev, AZƏRTAC
Saatlıda taxılçılıq əsas təsərrüfat sahələrindən hesab olunur. Dövlətin bu sahənin inkişafı ilə bağlı torpaq mülkiyyətçilərinə verdiyi əlavə subsidiyalar rayonda taxıl istehsalının ilbəil artmasına səbəb olub.
Rayon Statistika İdarəsindən AZƏRTAC-a bildiriblər ki, ötən il rayonda 21 min 123 hektar taxıl sahəsindən 87 min 950 ton məhsul götürülüb. Bunun da 71 min 809 tonu buğda, 16 min 145 tonu isə arpadır. Buğda sahələrinin hər hektarının məhsuldarlığı 43,1 sentnerə çatıb. Rayon taxılçıları gələn ilin məhsulu üçün də möhkəm təməl yaradıblar. Fermerlər artıq 20 min 446 hektar sahəyə toxum səpərək payızlıq taxıl əkini kampaniyasını başa çatdırıblar. Əkinçilər səpin zamanı daha çox rayonlaşdırılmış “Cəlilabad-19”, “Ləyaqətli”, “Taleh-38”, “Fatimə” kimi yerli sortlara üstünlük veriblər.
Qeyd edək ki, bu il buğda əkilən sahələr ötən illə müqayisədə 979 hektar çox olub.