REGİONLAR
Saatlıda prokurorluq işçiləri peşə bayramlarını qeyd ediblər
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Toplantıda qeyd olunub ki, Azərbaycan prokurorluğunun demokratik məzmunda tamamilə yenidən formalaşması, milli maraqlara xidmət edən təsisat kimi hərtərəfli təkmilləşməsi və müasirləşməsi məhz Ümummilli Liderin həyata keçirdiyi dövlət siyasəti nəticəsində mümkün olub. Prokurorluqda hərtərəfli və bütün sahələri əhatə edən islahatlar aparılıb, “Prokurorluq haqqında” Qanunda nəzərdə tutulmuş istiqamətlər üzrə işin səmərəli təşkili, yüksək tələblər səviyyəsində işləmək bacarığı olan kadrların formalaşdırılması, bütün mənfi halların qarşısının alınması, prokurorluğun maddi-texniki təminatı və işçilərin sosial müdafiəsi məsələlərinin beynəlxalq standartlara uyğunlaşdırılması təmin edilib.
Saatlı rayon prokurorluğunun qarşıda duran vəzifələri uğurla həyata keçirdiyini vurğulayan rayon prokuroru Tariyel Ələkbərov deyib ki, əməkdaşlarımız bundan sonra da dövlətimizin başçısının müəyyənləşdirdiyi vəzifələrin yerinə yetirilməsi istiqamətində xidmətlərini göstərəcək, ölkəmizdə formalaşmış dayanıqlı ictimai-siyasi sabitliyin və milli maraqlarımızın cinayətkar qəsdlərdən qorunması, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi istiqamətində zəruri tədbirlərin görülməsini təmin edəcəklər.
Tədbirin sonunda xidmətdə fərqlənən prokurorluq işçilərinə qiymətli hədiyyələr təqdim olunub.