REGİONLAR
Saatlıdan olan məktəblilərin səfəri qərb bölgəsinədir VİDEO
Saatlı, 16 mart, Mahir Babayev, AZƏRTAC
Martın 16-da “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasının Saatlı rayonundan olan iştirakçıları - IX və XI sinif şagirdləri, onları müşayiət edən müəllimlər Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə qərb bölgəsinə yola düşüblər.
AZƏRTAC xəbər verir ki, tur-aksiya iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla anıblar. Sonra şagirdlər Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətinin ayrı-ayrı məqamlarını əks etdirən foto və sənədlərlə tanış olublar.
Qrupun rəhbəri, rayon icra hakimiyyətinin işçisi Elşən Əzizov AZƏRTAC-a müsahibəsində deyib: “Maarifləndirici tur-aksiya təkcə regionlarla tanışlıq məqsədi daşımır. Səfər zamanı şagird və müəllimlər müxtəlif maraqlı tədbirlərdə iştirak etmək imkanı da əldə edəcəklər. Məktəblilərə bu imkanı yaradan Prezident İlham Əliyevə dərin minnətdarlığımızı bildiririk”.
Tur-aksiyanın iştirakçıları – Əlisoltanlı kənd tam orta məktəbinin müəllimi Seymur İslamov, şəhər 1 saylı tam orta məktəbin X sinif şagirdi Pakizə Kazımova və başqaları bu aksiyanın təşkilindən razılıqlarını ifadə ediblər.
Valideyn Əziz Həsənov övladının tur-aksiyada iştirakından duyduğu məmnuniyyəti dilə gətirərək deyib: “Dövlətimizin başçısı gələcəyimiz olan uşaqlara xüsusi qayğı göstərir. Hər yerdə yeni məktəblər, uşaq bağçaları, idman kompleksləri tikilib istifadəyə verilir. Bu tur-aksiya həmin qayğının daha bir təzahürüdür. Övladımın da bu aksiyada iştirak etməsindən çox məmnunam”.
Sonra 40 məktəbli xüsusi avtobusla Gəncəyə yola salınıb.