REGİONLAR


Saatlılı məktəblilər dörd gün ərzində Qəbələ-Şəki-Zaqatala rayonlarını gəzəcəklər VİDEO

A+ A

Saatlı, 12 noyabr, Mahir Babayev, AZƏRTAC

Noyabrın 12-də “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində təşkil olunmuş tur-aksiyanın Saatlı rayonundan olan iştirakçıları - IX və XI sinif şagirdləri, onları müşayiət edən müəllimlər Qəbələ-Şəki-Zaqatala marşrutu ilə şimal-qərb bölgəsinə yola düşüblər.

AZƏRTAC xəbər verir ki, tur-aksiya iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər. Sonra şagirdlər rayondakı Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətinin ayrı-ayrı məqamlarını əks etdirən fotoşəkil və sənədlərlə tanış olublar. Tur-aksiya iştirakçıları daha sonra rayonda keçirilən ağacəkmə kampaniyasında iştirak ediblər.

Qrupun rəhbəri, rayon icra hakimiyyətinin işçisi Amin Məmmədov deyib: “Beşinci dəfədir ki, ölkəmizdə məktəblilər üçün belə bir aksiya təşkil edilir. Maarifləndirici tur-aksiya təkcə regionlarla tanışlıq məqsədi daşımır. Səfər zamanı şagird və müəllimlər müxtəlif maraqlı tədbirlərdə iştirak etmək imkanı da əldə edəcək. Bizə bu imkanı yaradan, diqqət və qayğını əsirgəməyən Prezident İlham Əliyevə dərin minnətdarlığımızı bildiririk”.

Tur-aksiyanın digər iştirakçıları – Əlisoltanlı kənd tam orta məktəbinin müəllimi Vüqar Namazov, Dədə Qorqud kənd tam orta məktəbinin X sinif şagirdi Rauf Malikzadə və başqaları bu səyahətin təşkilindən hədsiz razılıqlarını ifadə ediblər.

Valideyn Elçin Babayev ürək sözlərini belə ifadə edib: “Dövlətimizin başçısı gələcəyimiz olan uşaqlara xüsusi qayğı göstərir. Hər yerdə yeni məktəblər, uşaq bağçaları, idman kompleksləri tikilib istifadəyə verilir. Bu tur-aksiya həmin qayğının daha bir təzahürüdür. Övladımın da bu aksiyada iştirak etməsindən çox məmnunam”.

Sonra məktəblilər xüsusi avtobusla yola salınıb.

Saatlılı 40 məktəbli və 5 müəllim dörd gün ərzində Qəbələ-Şəki-Zaqatala rayonlarını gəzəcək, bu məkanlarla yaxından tanış olacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.