REGİONLAR
Saatlının Genişkənd kəndinə təbii qaz verilib
Saatlı, 7 noyabr, AZƏRTAC
Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında müəyyən edilən tədbirlərə müvafiq olaraq, Saatlının Genişkənd kəndinə ilk dəfə təbii qaz verilib.
AZƏRTAC xəbər verir ki, 123 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 661 metr müxtəlif diametrli polietilen və 8 min 771 metr metal borularla paylayıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonentin mənzilinə sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Kəndə “mavi yanacağ”ın verilməsi münasibətilə keçirilən mərasimdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Siraqəddin Cabbarov son illər rayonda reallaşdırılan irimiqyaslı layihələrdən söz açıb, Genişkənd kəndinə qısa müddətdə qazın verilməsini regionların sosial inkişafına yönələn dövlət siyasətinin real nəticəsi kimi dəyərləndirib. Qeyd olunub ki, son il yarımda rayonun 20 kəndi qazlaşdırılıb. Artıq rayonun 43 kəndindən 26-na “mavi yanacaq” verilib. Yeddi yaşayış məntəqəsində isə qaz xətlərinin çəkilişi başa çatmaq üzrədir. Yaxın günlərdə bu kəndlərə də təbii qaz veriləcək. Bununla da rayonda qazla təmin olunan yaşayış məntəqələrin sayı 33-ə çatacaq.
Mərasimdə çıxış edən kənd sakinləri və ictimaiyyət nümayəndələri yaşayış məntəqəsinin “mavi yanacaq”la təmin edilməsinə görə dövlətimizin başçısına minnətdarlıq ediblər.
Sonda rəmzi məşəl yandırılıb, evlərə təbii qazın verilməsinə baxış keçirilib.