REGİONLAR
Saatlının daha iki kəndinə təbii qaz verilib
Saatlı, 18 oktyabr, Mahir Babayev, AZƏRTAC
Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında müəyyən edilən tədbirlərə müvafiq olaraq, Saatlı rayonunun Əbilkənd və Cəfərxan kəndlərinə təbii qaz verilib.
AZƏRTAC xəbər verir ki, ümumilikdə 1545 nəfər əhalinin yaşadığı kəndlərin qazlaşdırılması üçün birpilləli sistem əsasında 16 min 623 metr müxtəlif diametrli metal və polietilen borularla paylayıcı və məhəllədaxili qaz xətləri çəkilib. Əbilkənd kəndində 188, Cəfərxan kəndinə isə 109 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Kəndlərə “mavi yanacağ”ın verilməsi münasibətilə Cəfərxan kəndində keçirilən mərasimdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Siraqəddin Cabbarov son illər rayonda həyata keçirilən irimiqyaslı layihələrdən söz açıb, Əbilkənd və Cəfərxan kəndlərinə qısa müddətdə qazın verilməsini regionların sosial-iqtisadi inkişafına yönələn dövlət siyasətinin real nəticəsi kimi dəyərləndirib. Qeyd olunub ki, son il yarımda rayonun 18 kəndi qazlaşdırılıb. Artıq 43 kənddən 25-nə “mavi yanacaq” verilib. 8 yaşayış məntəqəsində isə qaz xətlərinin çəkilişi başa çatmaq üzrədir. Yaxın günlərdə bu kəndlərə də təbii qaz veriləcək. Bununla da rayonda qazla təmin olunan yaşayış məntəqələrinin sayı 33-ə çatacaq.
Kənd sakinləri Dövlət Müstəqilliyi günündə yaşayış məntəqələrinin “mavi yanacaq”la təmin edilməsinin onlar üçün ikiqat bayram olduğunu bildirib, diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıq ediblər.
Sonda rəmzi məşəl yandırılıb, evlərə təbii qazın verilməsinə baxış keçirilib.