DÜNYA


Sabah Gürcüstanda parlament seçkilərinin ikinci turu keçiriləcək

A+ A

Tbilisi, 29 oktyabr, AZƏRTAC

Oktyabrın 30-da Gürcüstanda parlament seçkilərinin ikinci turu keçiriləcək. İkinci tur 50 majoritar dairədə təşkil olunacaq.

Səsvermənin ikinci turu azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonundakı 36 saylı dairədə də keçiriləcək. Bu dairədə azərbaycanlı, “Vahid Milli Hərəkat” partiyasının namizədi Əhməd İmamquliyev mübarizə aparacaq. Onun rəqibi “Gürcü Arzusu” partiyasının namizədi Tamaz Naverianidir.

Birinci turda Ə.İmamquliyev səslərin 47,91 faizini, onun rəqibi isə 43,41 faizini toplayıb. İkinci turda daha çox səs toplayan namizəd deputat mandatı əldə edəcək. Ə.İmamquliyevin qələbə qazanacağı təqdirdə Gürcüstan parlamentində 5 nəfər azərbaycanlı təmsil olunacaq.

Birinci turda “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasından proporsional siyahı üzrə namizədliyi irəli sürülmüş Mahir Dərziyev, partiyanın majoritar dairələrindən Savalan Mirzəyev və Ruslan Hacıyev, “Vahid Milli Hərəkat” partiyasından isə siyahı üzrə Azər Süleymanov mandat əldə ediblər.

Gürcüstan Mərkəzi Seçki Komissiyasından bildiriblər ki, parlamentin deputatlarının 77-si proporsional sistem, 73–ü isə majoritar qaydada seçilirlər. Proporsional sistem üzrə 77 deputat seçilsə də majoritar dairələrin 50-də namizədlərin heç biri səslərin 50+1 faizini toplaya bilməyib. Ona görə də oktyabrın 30-da həmin 50 dairədə seçkilərin ikinci turu keçiriləcək.

Proporsional sistem üzrə deputatların 46-sı hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasından, 27-si “Vahid Milli Hərəkat” partiyasından, 6-sı isə “Gürcüstan Vətənpərvərlər Alyansı”ndan seçiliblər. Majoritar dairədən seçilən 23 deputatın hamısı hakim “Gürcü Arzusu”nu təmsil edir.

MSK-nın oktyabrın 29-da keçirilən iclasında məlumat verilib ki, səsvermə ilə əlaqədar 50 seçki dairəsində 2229 seçki məntəqəsi yaradılıb. Səsvermədə 2 milyon 478 min 42 seçicinin iştirakı nəzərdə tutulub. Seçki məntəqələri səhər saat 8:00-da səsvermə üçün açılacaq və səsvermə saat 20:00-da başa çatacaq. Dairələrdə 100 namizədin mübarizə aparacağı gözlənilir. MSK gözdən əlil, yerimə imkanı məhdud olan seçicilər üçün də səyyar məntəqələr təşkil edəcək.

Seçkilərin ikinci turunu 7 xarici ölkənin media qurumlarından 582 jurnalist, 10 beynəlxalq təşkilatdan 221 müşahidəçi izləyəcək. Yerli müşahidəçilərin sayı 12 min 122 nəfərdir. İlkin nəticələr səsvermə başa çatandan sonra 2 saat müddətində dərc olunacaq. İkinci turda namizədlər adi səs çoxluğu ilə qalib hesab ediləcəklər.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.