İDMAN


Sabah “Zirə” Avroliqadakı debüt oyununda Lüksemburqun “Differdanj” komandasını qəbul edəcək

Bakı, 28 iyun, AZƏRTAC

İyunun 29-da UEFA Avropa Liqasının birinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində “Zirə” komandası Bakıda Lüksemburqun “Differdanj” komandasını qəbul edəcək.

AZƏRTAC xəbər verir ki, qarşılaşmanı qazaxıstanlı hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Daniyar Saxi təyin olunub. Ona həmyerliləri Alibek Aubakirov və Yuri Tixonyuk kömək edəcəklər. Marat İskakov isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.

Avropa liqasında debüt edəcək Bakı komandası baş məşqçi Ayxan Abbasovun rəhbərliyi ilə oyun öncəsi hazırlığını məşqlərlə davam etdirir.

Bakının “Zirə” klubu Avropa Liqasının birinci təsnifat mərhələsinin oyunlarına və növbəti mövsümə hazırlıq çərçivəsində bir neçə güclü futbolçu transfer edərək heyətini gücləndirib. Haiti yığmasının hücumçusu Kervens Belfort, Mərkəzi Afrika Respublikası yığmasının və Fransanın “PSJ” klubunun yetirməsi - yarımmüdafiəçi David Manqa, Rumıniyanın U-21 milli komandasının müdafiəçisi Qabriel Matey, Türkiyə çempionatındakı müxtəlif klublarda forma geyinmiş kamerunlu mərkəz müdafiəçisi Josef Boum və millimizin təcrübəli futbolçusu yarımmüdafiəçi Rəşad Sadiqov “qartallar”ın sıralarına qoşulub.

Türkiyənin Bolu şəhərində səmərəli təlim-məşq toplanışında olan “Zirə” futbol klubu orada bir neçə yoxlama oyununu keçirib. Qardaş ölkədəki ilk sınaq matçında paytaxtın “İnter” komandasından 2:0 hesabı ilə üstün olan “Zirə” ikinci yoxlama görüşündə Kamerunun “Kolumbe Sportivo” klubu üzərində 8:0 hesabı ilə inamlı qələbə qazanıb. Sonuncu yoxlama matçında Qeorqi Hacının baş məşqçisi olduğu Rumıniya çempionu “Vitorul” klubu ilə üz-üzə gələn komandamız rəqibinə 1:2 hesabı ilə məğlub olsa da, yaxşı oyun nümayiş etdirib. Daha sonra komanda Türkiyədən Bakıya qayıdıb və Lüksemburq klubu ilə oyuna tam heyətlə hazırlaşaraq taktiki məşqləri davam etdirib.

İyunun 29-da “Dalğa Arena”da keçiriləcək “Zirə” - “Differdanj” komandalarının oyunu saat 21:00-da start götürəcək.

Qeyd edək ki, Lüksemburq təmsilçisi ilə “Zirə” arasında səfərdə keçiriləcək cavab qarşılaşması iyulun 6-da Differdanj şəhərindəki “Munisipal de Differdanj” stadionunda təşkil olunacaq.

“Zirə” – “Differdanj” cütlüyünün qalibi ikinci təsnifat mərhələsində iyulun 13-20-də Rumıniyanın “Astra” klubu ilə üz-üzə gələcək.

Xatırladaq ki, qarşıdakı iki oyunda sərfəli nəticə qazanaraq turu keçməyə çalışacaq “Zirə” komandası Azərbaycan premyer liqasını dördüncü sırada başa vuraraq ilk dəfə Avropa Liqası oyunlarında iştirak etmək hüququ qazanmışdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.