İQTİSADİYYAT
Sabah bir neçə rayonun təbii qaz təchizatı məhdudlaşdırılacaq
Bakı, 3 mart, AZƏRTAC
Cari təmir işləri üzrə əvvəlcədən müəyyən olunmuş plana əsasən, martın 4-də saat 10-dan 18-dək “Qaz İxrac” idarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Zığ” və “Böyükşor” magistral qaz kəmərləri üzərində yerləşən bəzi ölçü qovşaqlarında, Hacıqabul magistral qaz kəmərləri sahəsinin “Atbulaq” və “Ələt”, Qazax magistral qaz kəmərləri sahəsinin “Qovlar” və “Alakol”, eləcə də Astara magistral qaz kəmərləri sahəsinin “Alvadı” qazpaylama stansiyalarında təmir işləri aparılacaq.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, təmir müddətində Hacıqabul rayonunun Qızılburun və Atbulaq, Bakının Qaradağ rayonunun Ələt qəsəbəsi və Şixlar bağları, Tovuz rayonunun Alakol, İbrahim-Hacılı, Düzqirxlı, Əyyublu, Köhnə Qala, Məşədilər, Yanıxlı, Yanıxlı Məşədilər, Dönük qırxılı, Qovlar, Aşağı quşçu, Yanıx Paya və Aşıqlılar, Masallı rayonun Köhnə Alvadı, Təzə Alvadı, Şərəfə, Çaxırlı, Malbaşı, Böyük Xocavar, Binə Xocavar və Təklə kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Bakının Sabunçu rayonunun, həmçinin Suraxanı rayonunun Günəşli qəsəbəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.