REGİONLAR


Sabah qışın kiçik çilləsi başlayır

Gəncə, 30 yanvar, Rauf Hacıyev, AZƏRTAC

Xalq təqviminə görə, bu gün qışın nisbətən mülayim hesab edilən Böyük çilləsi bitəcək, sabahdan isə daha soyuq sayılan Kiçik çillə başlayacaq.

AMEA-nın Gəncə bölməsinin şöbə müdiri, folklorşünas alim Ruziyə Quliyeva AZƏRTAC-a bildirib ki, dekabrın 22-dən daxil olan Böyük çillə 40 gündən sonra Kiçik çillə ilə əvəz olunur.

Tədqiqatçı alim qeyd edib ki, adətən Böyük çillə günlərində hava tədricən soyusa da, kəskin soyuqlar müşahidə edilmir. Həmçinin güclü küləklərin intensivliyi də az olur. Lakin 20 gün davam edən Kiçik çillədə hava daha soyuq, sərt və şaxtalı olması ilə fərqlənir.

Kiçik çillədə havanın temperaturu kəskin şəkildə aşağı enir, yağış və qar daha çox yağır. Bəzən elə olur ki, yanvarın sonunda hava mülayim keçdiyinə görə bəzi ağaclar tumurcuqlayır, amma fevralda kəskin soyuq onların hamısını məhv edir.

Ruziyə Quliyeva deyib ki, Azərbaycanın bəzi bölgələrində bir çillənin yola salınması, digərinin isə qarşılanması müəyyən mərasimlərlə həyata keçirilir. Adətə görə, Kiçik çillənin gəlişi münasibətilə yaydan evdə saxlanılan “çillə qarpızları” kəsilir və ailənin bütün üzvləri bu təamdan dadır.

Kiçik çillənin birinci ongünlüyündə isə Xıdır Nəbi bayramı keçirilir. İnama görə Xıdır Nəbi bərəkət rəmzidir. Kiçik çillənin 10 günlüyü tamam olanda insanlar bu bayramı ona görə qeyd edir ki, sərt qışın soyuğundan və şaxtasından çıxan Xıdır Nəbi onlar üçün bolluq bərəkət və ruzi gətirsin. Buna görə də Xıdır Nəbi bayramında xüsusi mərasimlər təşkil olunur, evlərdə qovurğa qovrulur, qovut çəkilir və bəzi ayinlər icra edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.