İQTİSADİYYAT
Sabahdan “Bank Standard”ın sağlamlaşdırılması proqramının birinci mərhələsinin icrasına başlanılacaq
Bakı, 3 avqust, AZƏRTAC
Avqustun 4-dən "Bank Standard" Kommersiya Bankının (KB) sağlamlaşdırılması proqramının birinci mərhələsinin icrasına başlanılması qərara alınıb.
"Azər-Türk Bank" ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu barədə avqustun 3-də "Bank Standard" KB-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağında bildirilib. Bankın sağlamlaşdırılması proqramının icrası ilə bağlı ictimaiyyətə "Bank Standard" KB tərəfindən ətraflı məlumat veriləcək.
Yığıncaqda, həmçinin "Bank Standard"ın Müşahidə Şurası və Audit Komitəsinin tərkibi yenidən formalaşdırılıb, idarə heyətinin tərkibində də isə dəyişikliklər edilib.
Qeyd edək ki, ölkənin maliyyə sektorundakı mövqeyi, aktivlərinin xüsusi çəkisi və sistem əhəmiyyəti nəzərə alınaraq, səlahiyyətli orqanlarla razılaşdırılmış şəkildə "Bank Standard" Kommersiya Bankının sanasiyası barədə qərar qəbul olunub. Qərara əsasən, "Bank Standard"ın səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan "Azər-Türk Bank" ASC vasitəsilə sağlamlaşdırılması, bu ilin avqust ayının 3-dək "Azər-Türk Bank" tərəfindən idarəetmə orqanlarının yenidən formalaşdırılması və həmin tarixdən etibarən bankın fəaliyyətinin biznes strategiyasına uyğun qaydada tam həcmdə bərpası nəzərdə tutulub.