İQTİSADİYYAT
Sabahdan etibarən beynəlxalq sərnişin daşımalarında tariflər 35 faiz aşağı salınacaq
Bakı, 29 mart, AZƏRTAC
“Rusiya Dəmir Yolları” ASC ilə “Azərbaycan Dəmir Yolları” QSC arasındakı ikitərəfli razılığa əsasən, sərnişindaşıma həcminin artırılması məqsədi ilə martın 30-dan etibarən, Azərbaycan Dəmir Yollarına məxsus heyətlə hərəkət edən Bakı-Moskva-Bakı və Bakı-Xarkov-Bakı sərnişin qatarlarında gediş haqqı tarifləri 35 faiz aşağı salınacaq.
Bu barədə AZƏRTAC-a “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibliyinin rəhbəri Nadir Əzməmmədov məlumat verib.
“Rusiya, Ukrayna və Gürcüstanda milli valyutanın İsveçrə frankına olan məzənnəsi dəyişdiyinə görə, gediş haqqı tarifləri İsveçrə frankına uyğun tənzimlənən tariflərə müvafiq olaraq tətbiq edilmişdi. “Azərbaycan Dəmir Yolları” QSC bununla əlaqədar olaraq, “Rusiya Dəmir Yolları” ASC-yə və Gürcüstan Dəmir Yollarına beynəlxalq sərnişin daşıma tariflərinin aşağı salınması barədə müraciət etmişdi. Hazırda tariflərin aşağı salınması da məhz aparılan danışıqların nəticəsindir”,- deyə QSC təmsilçisi qeyd edib.
N.Əzməmmədov əlavə edib ki, martın 15-dən etibarən, Bakı-Tbilisi-Bakı istiqamətində sərnişindaşıma həcminin artırılması məqsədi ilə Azərbaycan Dəmir Yollarına məxsus heyətlə hərəkət edən Bakı-Tbilisi-Bakı sərnişin qatarında Azərbaycan Dəmir Yolunun ərazisində gediş haqqı tarifləri aşağı salınıb. Gürcüstan Dəmir Yolları ilə “Azərbaycan Dəmir Yolları” QSC arasındakı ikitərəfli razılığa əsasən Gürcüstan ərazisində də gediş haqqı tarifləri aprelin 5-dən etibarən aşağı salınacaq.