ELM VƏ TƏHSİL
“Sabahın alimləri” müsabiqəsinin qalibləri mükafatlandırılıblar VİDEO
Bakı, 13 fevral, İ.Əsədov, G.Məlikova, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), Təhsil, Gənclər və İdman nazirlikləri, Heydər Əliyev Mərkəzi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən birgə təşkil olunan “Sabahın alimləri” beşinci respublika müsabiqəsi başa çatıb.
Müsabiqənin əsas məqsədi şagirdlərə elmi nailiyyətlərini nümayiş etdirmək imkanı vermək və iştirakçılar arasından ABŞ-da hər il keçirilən Intel ISEF-Intel Beynəlxalq Elm və Mühəndislik Sərgisinə qatılacaq namizədləri müəyyənləşdirməkdir.
AZƏRTAC xəbər verir ki, fevralın 13-də AMEA-nın əsas binasında müsabiqənin yekununa həsr olunan tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov ulu öndər Heydər Əliyevin elmə, təhsilə daim böyük əhəmiyyət verdiyini, Ümummilli Liderin siyasətinin Prezident İlham Əliyev tərəfindən əzmlə davam etdirildiyini vurğulayıb.
Cəmiyyətin tərəqqisində elmin, təhsilin mühüm rolundan danışan nazir müavini ölkəmizdə bu sahələrin inkişafına xüsusi önəm verildiyini diqqətə çatdırıb.
Eyni zamanda, məlumat verilib ki, “Sabahın alimləri” müsabiqəsində ölkəmizin 11 şəhər və rayonunun ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri 129 elmi layihə ilə iştirak ediblər. Onlardan 87-si kollektiv, 42-si isə fərdi layihədir. Səkkiz kateqoriya üzrə keçirilən müsabiqənin qalibləri münsiflər heyəti tərəfindən müəyyənləşdirilib.
Çıxış edənlər qalibləri təbrik edib, uğurlar arzulayıblar.
Sonra qaliblərə diplom, medal və pul mükafatı təqdim olunub.
Münsiflər heyəti tərəfindən seçilən üç layihənin müəllifləri isə cari ilin may ayında ABŞ-ın Arizona ştatının Finiks şəhərində keçiriləcək InteI ISEF–Intel Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak edəcəklər. Bu layihələrdən ikisinin müəllifləri Akademik Zərifə Əliyeva adına Liseyin, birinin müəllifləri isə Bakı Avropa Liseyinin şagirdləridir.