CƏMİYYƏT
“Sabahın əsgəri” yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb
Bakı, 25 yanvar, AZƏRTAC
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradılmasının beşinci ildönümü münasibətilə ümumtəhsil məktəblərinin X-XI sinif şagirdləri arasında keçirdiyi “Sabahın əsgəri” adlı yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb.
Bu qurumdan AZƏRTAC-a bildiriblər ki, Xidmətin aparatında təşkil olunan tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin birinci müavini, general-mayor Zaur Abdullayev müsabiqə haqqında məlumat verib. Qeyd edib ki, müsabiqənin məqsədi məktəblilər arasında vətənpərvərlik hisslərinin gücləndirilməsidir. Ötən il dekabrın 1-dən bu il yanvarın 18-dək davam edən müsabiqəyə təqdim olunan yazılar münsiflər heyəti tərəfindən obyektiv qiymətləndirilib və qaliblər müəyyənləşdirilib.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin idarə rəisi, polkovnik-leytenant Yusif Mirzəyev müsabiqənin qaydaları və qiymətləndirmə meyarları haqqında məlumat verib.
Sonda “Sabahın əsgəri” yazı müsabiqəsinin qaliblərinə mükafatlar təqdim edilib.