DÜNYA
Sabiq vitse-prezident Dik Çeyni Amerika Sahibkarlıq İnstitutunda çıxış edib VİDEO
D.Çeyni bildirib ki, ABŞ administrasiyasının Yaxın Şərqdə və Asiyada münaqişələri tənzimləyə bilməməsi Suriya kimi ölkələrin vəziyyətdən sui-istifadə etmələri üçün bəhanə olacaq. ABŞ–ın sabiq vitse-prezidenti qeyd edib ki, Prezident Barak Obama son çıxışlarından birində “terrorçuların qaçdıqlarını və geri çəkildiklərini” bildirib, amma bu belə deyil.
D.Çeyninin sözlərinə görə, Obamanın prezidentliyi illərində terrorçular yenidən qruplaşmağa və regionda sabitliyi pozmaq üçün resurslarını təşkilatlandırmağa nail olublar. Sabiq vitse-prezident statistik məlumata istinad edərək deyib ki, bu illərdə cihadçıların ümumi sayı 58 faiz artıb.
D.Çeyni bildirib ki, İŞİD (İraq və Şam İslam dövləti) Suriya ilə İraq arasında sərhədləri tanımadığı üçün, sərhədlərin mövcud olmasına baxmayaraq, ABŞ İŞİD-i həm İraqda, həm də Suriyada məhv etmək iqtidarında olmalıdır. O həmçinin, ABŞ administrasiyasını İŞİD ilə vuruşan müxalifəti hərtərəfli təmin etməyə çağırıb.
Sabiq vitse-prezident vurğulayıb ki, Amerika öz müttəfiqlərinə arxalanmalı və onlara kömək etməlidir. Vaşinqton “ABŞ-ın müttəfiqlərinin cəbhə xəttində yerləşdiyini nəzərə almaqla” onlara dəstəyini siyasi, hərbi, iqtisadi kömək vasitəsilə nümayiş etdirməlidir. D.Çeyninin sözlərinə görə, son beş ildə dünya arenasında ABŞ-ın nüfuzu da xeyli zəifləyib.
Sonda D.Çeyni ABŞ Konqresini hərbi xərcləri və milli təhlükəsizlik proqramlarının maliyyələşdirilməsini genişləndirməyə çağırıb.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton