SİYASƏT
Sabir Hacıyev: Gürcüstanda parlament seçkiləri sakit və demokratik keçir
Tbilisi, 8 oktyabr, AZƏRTAC
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) müşahidə missiyası Gürcüstanda keçirilən parlament seçkilərində hələlik elə bir ciddi qanun pozuntusu ilə qarşılaşmayıb.
Bu fikri jurnalistlərə müsahibəsində Azərbaycan Milli Məclisinin deputatı, AŞPA-nın müşahidə missiyasının üzvü Sabir Hacıyev söyləyib.
Deputat bildirib ki, müşahidə missiyası səhər 7:30-da məntəqələrdə olub. Səsvermə ilə əlaqədar bütün texniki məsələlər yüksək səviyyədə təşkil edilib. Seçicilər səsvermədə fəal iştirak edirlər.
“Biz AŞPA-nın müşahidəçiləri olaraq Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunun kəndlərində müşahidə apardıq. Səsvermə tam sakit və demokratik keçir. Ciddi qanun pozuntusu qeydə alınmayıb. Azərbaycanlı seçicilər də Gürcüstanın ictimai-siyasi həyatında mühüm hadisə olan seçkilərdə fəal iştirak edirlər. AŞPA-nın müşahidə missiyası oktyabrın 9-da seçkilərin təşkili və səsvermə ilə əlaqədar yekun rəyini açıqlayacaq”, - deyə S.Hacıyev qeyd edib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi