İQTİSADİYYAT


Sabirabad Mərkəzi Rayon Xəstəxanasında həyata keçirilmiş auditin nəticələri müzakirə edilib

A+ A

Bakı, 29 iyul, AZƏRTAC

Hesablama Palatasının kollegiyası müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq dövlət büdcəsinin yerli xərclərindən 2013-2015-ci illərdə Sabirabad Mərkəzi Rayon Xəstəxanasına ayrılmış vəsaitlərin proqnozlaşdırılması və istifadəsi vəziyyətinə dair həyata keçirilmiş auditin nəticələri ilə bağlı hesabatı müzakirə edərək təsdiq edib.

Palatadan AZƏRTAC-a bildiriblər ki, Sabirabad Mərkəzi Rayon Xəstəxanası və tabeçiliyində olan tibb müəssisələri üzrə çarpayıların sayı 62,5 faiz azaldılaraq 320 çarpayı təşkil edib, Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyası, eləcə də rayon və kənd əhalisinə ambulator tibbi xidmət göstərilməsi üçün 30 Kənd Həkim Məntəqəsi və 38 Kənd Tibb Məntəqəsi üzrə ümumi ştat sayı 1193,0 ştat vahidi təsdiq edilib, Mərkəzi Rayon Xəstəxanasının strukturuna daxil olan tibb müəssisələri ilə birlikdə Sabirabad rayonunun 170275 nəfər əhalisinə stasionar və ambulator qaydada tibbi xidmət göstərilib. Auditin əhatə etdiyi dövrdə Xəstəxana tərəfindən ümumilikdə 12433,2 min manat məbləğində vəsait icra edilib.

Auditlə tibbi kadr ştatlarının sayının əhalinin sayına nisbətən azlıq təşkil etdiyi, buna baxmayaraq mövcud olan ştatların da 2013-cü ildə 13,7 faizi və ya 163,0 vahidi, 2015-ci ildə isə 17,0 faizi və ya 203,0 vahidinin vakant ştatlar olduğu, 3 il ərzində rayon əhalisinə xidmət edən tibbi kadrların sayının 40 nəfər azaldığı müəyyən edilib. Səhiyyə Nazirliyinin məlumatlarına görə, respublika üzrə hər 10000 nəfərə həkim təminatı 28 nəfər, çarpayı təminatı 41,4 ədəd təşkil etdiyi halda bu göstəricilərin Sabirabad rayonu üzrə müvafiq olaraq 10 nəfər və 19 ədəd təşkil etdiyi qeyd olunub.

Sabirabad rayonu üzrə çarpayı günləri 2013-cü ildə 70,5 faiz, 2014-cü ildə 78,8 faiz, 2015-ci ildə 78,1 faiz icra olunub, xəstəxanalarda müalicə alan xəstələrin sayı auditin əhatə etdiyi illərdə müvafiq olaraq 4390 nəfər, 4311 nəfər və 3845 nəfər təşkil etsə də, çarpayıların işlədiyi günlərin sayı, əksinə olaraq, artaraq 2013-2015-ci illər üzrə 224 gün, 286 gün və 296 gün olub.

Sabirabad Mərkəzi Rayon Xəstəxanası tərəfindən auditlə əhatə olunan illərdə büdcə vəsaitləri üzrə proqnozlar tərtib edilərkən xəstəxananın maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri tam qiymətləndirilməyib, bir çox xərc maddələri üzrə müvafiq hesablamalar aparılmamış, xərclər bəzi hallarda təyinatı üzrə icra edilməyib.

Çarpayı günlərinin faktiki işləmə günü ayrı-ayrı tibb müəssisələri üzrə müxtəlif olub, 1 çarpayı gününə sərf olunan dərman xərci illər və tibb müəssisələri üzrə kəskin fərqlənib, Xəstəxana tərəfindən dərman, sarğı ləvazimatları və materiallarına olan tələbatların bəzi xəstəliklərin təyinatına uyğun düzgün hesablamalar aparılmaması səbəbindən nöqsanlara yol verilib.

Xəstəxana tərəfindən büdcə vəsaiti hesabına alınmış müxtəlif mal-materiallar uzun müddət istifadəsiz saxlanılaraq səmərəsiz xərcə yol verilib, artıq xəstə sayı və menyu-tələbnamələrə çarpayı günlərinin icrasından artıq gün yazılması, həmçinin müvafiq qaydalarda müəyyən edilmiş normalara riayət edilməməsi nəticəsində artıq ərzaqla bağlı artıq büdcə vəsaiti xərclənib, təsdiq olunmuş ərzaq məhsullarının siyahısında nəzərdə tutulmayan ərzaq məhsulları alınıb.

Auditin əhatə etdiyi dövrdə Xəstəxana tərəfindən ümumilikdə 44 satınalma proseduru keçirilib, ərzaq məhsullarının orta bazar qiymətindən baha alınması, tender təklifinin təminatı məbləğinin iştirak etmiş iddiaçılardan yalnız qalib elan olunmuş təşkilat tərəfindən təqdim olunması, bəzi hallarda tender təklifinə deyil, ayrı-ayrı dərman məhsullarının qiymətlərinə əsaslanmaqla müqavilənin bir neçə iddiaçı arasında bölünməsi kimi hallara yol verilib.

Xəstəxana tərəfindən mühasibat uçotu mövcud normativ-hüquqi aktlara uyğun təşkil edilməyib, torpaq, tikili, avadanlıq və digər uzunmüddətli aktivlərin ayrı-ayrılıqda köhnəlmə və qalıq dəyəri düzgün müəyyən olunmayıb, inventar və avadanlıq istismar müddəti başa çatmadan və yararlılığı müəyyən edilmədən balansdan silinib.

Hesablama Palatasının kollegiyası Sabirabad Mərkəzi Rayon Xəstəxanası tərəfindən yol verilmiş nöqsanların əsasən audit dövründə aradan qaldırıldığını nəzərə almaqla müəyyən edilmiş digər nöqsan və çatışmazlıqların qısa müddət ərzində aradan qaldırılması, həmçinin nöqsanlara yol vermiş vəzifəli şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edib, icra olunması və həyata keçirilmiş tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi məqsədilə qərarın surəti Sabirabad Mərkəzi Rayon Xəstəxanasına göndərilib.

Auditin nəticələri ilə bağlı Azərbaycan Respublikası Milli Məclisinə və aidiyyəti üzrə Səhiyyə Nazirliyinə məlumat verilib.

Məlumat “Hesablama Palatası haqqında” Azərbaycan Respublikası Qanununa əsasən və “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın 5.7-ci bəndinin icrası olaraq hazırlanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.