REGİONLAR
Sabirabad: bələdiyyələr barama yetişdirməklə ehtiyat fondlarına əlavə vəsait cəlb edəcəklər
Sabirabad, 6 dekabr, Mahir Babayev, AZƏRTAC
Respublikamızda ipəkçiliyin müasir infrastrukturunun yaradılması istiqamətində məqsədyönlü tədbirlər görülür. Dövlətimizin başçısının baramaçılığın inkişaf etdirilməsi ilə bağlı verdiyi tapşırıqlara uyğun olaraq, digər rayonlarda olduğu kimi, Sabirabadda da bu sahəyə xüsusi diqqət göstərilir. Hazırda bu vacib sahənin inkişafı üçün Kənd Təsərrüfatı Nazirliyinin xətti ilə ölkəmizdə gətirilən tut tinglərinin əkininə başlanılıb.
AZƏRTAC xəbər verir ki, ilin sonunadək Sabirabadda 60 min ədəd tut tingi əkiləcək. Yetişdirilən tut yarpaqları bələdiyyələr tərəfindən kümçülərə təklif olunacaq. Bundan əlavə, bələdiyyələr də barama yetişdirəcək və bununla da öz ehtiyat fondlarına əlavə vəsait cəlb edəcəklər.
Rayon kənd təsərrüfatı idarəsinin rəisi Heydər Yaqubov AZƏRTAC-a bildirib ki, hazırda Sabirabadda ting əkini aqrotexniki qaydalara uyğun və mütəxəssislərin iştirakı ilə həyata keçirilir. Mütəxəssislər yeni tinglərin əkin qaydaları və ona qulluq edilməsi ilə bağlı maarifləndirmə işləri də aparırlar. Xarici ölkədən gətirilən və yüksək məhsuldarlığa malik olan bu ağac növünə xüsusi qulluq göstəriləcək.
Xatırladaq ki, bu il rayonda 3 tondan çox barama istehsal olunub. İpəkqurdlarını 22 kənddə 40-dan çox ailə bəsləyib və hər ailə orta hesabla 800-1000 manat gəlir götürüb.