REGİONLAR
Sabirabad rayonunda ASAN könüllülərinin I Spartakiadası keçirilib VİDEO
Sabirabad, 12 avqust, AZƏRTAC
“ASAN könüllüləri” təşkilatının təşəbbüsü və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə avqustun 12-də Sabirabad rayonunda ASAN könüllülərinin I Spartakiadası keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirin açılış mərasimində “ASAN könüllüləri” təşkilatının sədri Fərid Sadıxlı, Sabirabad Rayon İcra Hakimiyyəti başçısının müavini Həsən Həsənov, Sabirabad “ASAN xidmət” mərkəzinin direktoru Elvin Cəfərov və Sabirabad rayon Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev iştirak ediblər.
Sabirabad Olimpiya İdman Kompleksində keçirilən I Spartakiadaya “ASAN xidmət” mərkəzlərindən 8 komanda üzrə 56 könüllü qatılıb. ASAN könüllüsü İbrahim İbrahimovun ideya müəllifi olduğu “Sağlamlıq günü” layihəsi çərçivəsində təşkil olunan yarışda iştirakçılar atletika, velosiped yarışı, üzgüçülük, qol gücü, kəndirdartma kimi idman növləri üzrə güclərini sınayıblar.
Tədbirin sonunda ümumi idman növləri üzrə ən çox xal qazanaraq I, II və III yerləri tutmuş komanda üzvləri medallarla təltif olunublar. İlk ASAN Spartakiada kuboku I yeri tutmuş komandaya təhvil verilib.
Qeyd edək ki, layihənin keçirilməsində əsas məqsəd gənclərə idmanı sevdirib, sadə fiziki məşqlərin gündəlik yerinə yetirilməsini aşılamaq, onları idman ətrafında cəmləşdirməkdən ibarətdir.