CƏMİYYƏT
Sabirabad rayonunda “Vətənin müdafiəsinə hazıram!” adlı tədbir keçirilib
Bakı, 14 aprel, AZƏRTAC
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti fəaliyyət istiqamətinə uyğun olaraq, Azərbaycan Respublikası vətəndaşlarının hərbi-vətənpərvərlik tərbiyəsi, yeniyetmə və gənclərdə vətəndaşlıq hisslərinin yüksəldilməsi, onların Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəyə hazırlıq ruhunda tərbiyə edilməsi məqsədilə mütəmadi olaraq ictimai tədbirlər həyata keçirir.
AZƏRTAC xəbər verir ki, növbəti tədbir aprelin 14-də Sabirabad Rayon İcra Hakimiyyəti ilə birgə “Vətənin müdafiəsinə hazıram!” mövzusunda keçirilib.
Tədbirdə dövlət himni səsləndirilib, Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Rayon icra hakimiyyətinin başçısı Nazim İsmayılov ötən ilin aprel ayında təmas xəttində düşmən təxribatının qarşısının alınması zamanı ordumuzun göstərdiyi qəhrəmanlıqdan danışıb.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini, general-mayor Novruzəli Orucov çıxışında aprel döyüşlərində ordumuzun düşməni ağır məğlubiyyətə uğratmasından bəhs edib. Diqqətə çatdırıb ki, Azərbaycan Silahlı Qüvvələri bu qələbə ilə işğal altında olan torpaqlarımızı azad etmək əzmində olduğunu dünyaya nümayiş etdirdi.
“Respublika Əfqanıstan Müharibəsi Veteranları” İctimai Birliyinin sədri Məhəmməd Vəliyev ordumuzun müasir hərbi texnika və silah-sursatla təmin edilməsinin aprel qələbəsində mühüm əhəmiyyətə malik olduğunu bildirib.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü Emin Həsənli qeyd edib ki, aprel qələbəsi ordu quruculuğu prosesinin uğurla həyata keçirildiyinin sübutudur.
Tədbirin bədii hissəsində vətənpərvərlik mahnılarının mahir ifaçısı Şəmistan Əlizamanlı və Sabirabad rayon məktəblərinin özfəaliyyət kollektivləri vətənpərvərlik mövzusunda tərtib edilmiş proqramla çıxış ediblər.