REGİONLAR


Sabirabad və İmişlidə ilk dərs gününün sevinci yaşanıb

A+ A

Sabirabad-İmişli, 15 sentyabr, Mahir Babayev, AZƏRTAC

Sabirabadın Moranlı kənd tam orta məktəbinin pedaqoji kollektivi dərs ilinə yeni məktəb binasında başlayıb.

AZƏRTAC xəbər verir ki, yeni məktəb binasının istifadəyə verilməsi münasibətilə keçirilən mərasimdə rayon rəhbərliyi, idarə, müəssisə və təşkilatların, ictimaiyyətin nümayəndələri, valideynlər iştirak ediblər.

432 şagird yerlik məktəb binası 25 sinif otağından ibarətdir. Binada havalandırma sistemi qurulub, ayrıca su və elektrik xətləri çəkilib. Məktəbdə idman və akt zalları, kitabxana, laboratoriya, kompyuter və fənn kabinələri fəaliyyət göstərəcək. Məktəb yeni avadanlıq, inventar və əyani vəsaitlə təchiz olunub. Təhsil ocağının ərazisi abadlaşdırılıb, həyətdə idman qurğuları quraşdırılıb.

Açılış mərasimində çıxış edənlər rayonun ümumtəhsil məktəblərində tədrisin keyfiyyətinin yüksəldilməsi və təhsil ocaqlarının maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən layihələr haqqında ətraflı məlumat veriblər.

Bildirilib ki, 24 min 669 şagirdin təlim-tərbiyəsi ilə məşğul olan 2688 müəllim 2015-2016-cı tədris ilini ümumilikdə müsbət göstəricilərlə başa vurub. Bu il məktəbi bitirən 317 şagirddən 13 nəfəri 600-dən yuxarı, 35 nəfəri isə 500-600 arası bal toplayıb. Məlumat verilib ki, yeni tədris ilinə hazırlıq işləri rayonun 85 ümumtəhsil məktəbinin hamısında yekunlaşıb, dərslik və ədəbiyyat, elektron vasitələr və digər ləvazimatlar məktəblərə paylanılıb.

Mərasimdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Nazim İsmayılov yeni məktəb binasının istifadəyə verilməsi və Bilik günü münasibətilə müəllim və şagirdləri təbrik edib, onlara xoş arzularını bildirib.

Ölkədə, eləcə də rayonda təhsil islahatının uğurla həyata keçirildiyini deyən icra hakimiyyətinin başçısı məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işləri yığıncaq iştirakçılarının diqqətinə çatdırıb. Vurğulanıb ki, son illərdə rayonda 6 yeni məktəb binası tikilib, 13 məktəb binası isə əsaslı təmir edilib. Qazanılan uğurları daha da artırmağın mümkünlüyünü söyləyən natiq, rayonda tədris prosesinin müasirləşdirilməsi, təhsildə tətbiq olunan yeni texnologiyaların vacibliyindən söhbət açıb.

Çıxış edən kənd ağsaqqalları və ictimaiyyət nümayəndələri təhsilin inkişafına göstərdiyi qayğıya görə dövlətimizin başçısına minnətdarlıq ediblər.

Sonda yeni məktəb binasında yaradılmış şəraitlə tanışlıq olub.

 X X X 

İmişlinin Məzrəli kənd tam orta məktəbinin müəllim və şagird kollektivi bilik bayramını əsaslı təmirdən çıxan məktəbdə qarşılayıb.

Təhsil Nazirliyi tərəfindən əsaslı təmir olunan 640 yerlik, 3 korpusdan ibarət məktəb binasında fənn kabinetləri, laboratoriya, kompyuter otağı, kitabxana və akt zalları fəaliyyət göstərəcək. Binada havalandırma sistemi qurulub, həyətdə abadlıq işləri aparılıb. Müasir tələblər əsasında təmir olunan məktəb binasında tədris prosesinin yüksək səviyyədə aparılması üçün lazımi şərait yaradılıb.

Məktəbin istifadəyə verilməsi münasibətilə keçirilən mərasimdə çıxış edən rayon təhsil şöbəsinin müdiri Ramiz Əmirov bildirib ki, rayonun 62 ümumtəhsil məktəbində 15 mindən çox şagirdin təlim-tərbiyəsi ilə 1531 müəllim məşğul olur. Qeyd edilib ki, dövlətin təhsilin inkişafına göstərdiyi qayğı nəticəsində bu sahədə mühüm keyfiyyət dəyişiklikləri baş verib. Builki məzunlardan 248 nəfərin ali məktəblərə qəbul olunması, 19 nəfərin 500, 12 nəfərin isə 600 baldan yuxarı nəticə göstərməsi bunun bariz nümunəsidir.

Mərasimdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Vilyam Hacıyev yeni dərs ilinin başlaması münasibətilə müəllim və şagirdləri təbrik edib, onlara uğurlar arzulayıb.

Dövlətin təhsilin inkişafına xüsusi önəm verməsi və bu istiqamətdə reallaşdırılan layihələr barədə məlumat verən icra hakimiyyətinin başçısı İmişlinin təhsil ocaqlarının maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işləri diqqətə çatdırıb. Qeyd olunub ki, son illərdə rayonda 40 yeni məktəb binası tikilib və əsaslı təmir olunaraq istifadəyə verilib. Bu il, həmçinin Mürsəlli və şəhər 2 saylı tam orta məktəblərin binası da əsaslı təmir olunaraq pedaqoji kollektivlərin istifadəsinə verilib.

Çıxış edən müəllimlər, kənd sakinləri məktəbdə yaradılan şəraitə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Sonra məktəbdə yaradılan şəraitlə tanışlıq olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.