REGİONLAR
Sabirabad və ətraf rayonlardan olan 89 sahibkara 870 min manat güzəştli kredit verilib
Sabirabad, 3 sentyabr, Mahir Babayev, AZƏRTAC
Sentyabrın 3-də İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Sabirabadda sahibkarlığın güzəştli kreditləşdirilməsi ilə bağlı növbəti forum keçirib.
AZƏRTAC xəbər verir ki, 100-dək sahibkarın iştirak etdiyi forumda Sabirabad və ətraf rayonlarda ixtisaslaşdırılmış "yaşıl market"in, iri fermer təsərrüfatının, çörək, pendir, meyvəqurutma, ketçup, mayonez və xardal sousu istehsalı müəssisələrinin, cins heyvandarlıq, intensiv bağçılıq və tərəvəzçilik təsərrüfatlarının yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı olub.
İşgüzar forumda Sabirabad və ətraf rayonlardan olan 89 sahibkara 870 min manata yaxın güzəştli kredit verilib.
Sonda forum çərçivəsində güzəştli kredit ayrılmış Sabirabad rayonunun Kürkənd kəndində istifadəyə verilmiş 6,3 hektar ərazidə illik istehsal gücü 2,7 min ton tərəvəz olan müasir istixana kompleksinə baxış keçirilib.