REGİONLAR
Sabirabadda 15 min 900 hektar sahə əkin dövriyyəsinə qatılacaq
Sabirabad, 8 fevral, AZƏRTAC
Keçən il Sabirabadda iqtisadiyyatın bütün sahələrində uğurlar qazanılıb, sosial obyektlərin tikintisi, sənaye və kənd təsərrüfatının inkişafı davam edib. Məhsul istehsalı 23,2 faiz, sənaye məhsulu 30,8, rabitə xidməti 4,5, nəqliyyat xidməti 11,9, pərakəndə əmtəə dövriyyəsi 3,1 faiz artıb. Tikinti-quraşdırma işləri 2,1 dəfə artmaqla, əsas kapitala 76 milyon 912 min manat investisiya yönəldilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Sabirabadda 2016-cı ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağında rayon icra hakimiyyətinin başçısı Nazim İsmayılov məlumat verib.
Hesabat məruzəsində ötən il rayonda görülən tikinti-quruculuq işləri də sadalanıb. Bildirilib ki, hazırda 205 çarpayılıq mərkəzi xəstəxananın, həmçinin Nizami kəndi ərazisində ildə 200 milyon ədəd yumurta, 1000 ton quş əti istehsal edəcək və 300 nəfərin daimi iş yeri ilə təmin olunması nəzərdə tutulan quşçuluq kompleksinin tikintisi davam edir. Həyata keçirilən suvarma layihələri nəticəsində 11 min 498 hektar sahənin su təchizatı yaxşılaşdırılacaq. Bundan əlavə, rayonun qış otlaqlarında 15 min 900 hektar sahənin əkin dövriyyəsinə qatılması üçün işlər görülür.
Ötən il rayonda kənd yollarının tikintisi də davam edib. 20 min nəfər əhalinin yaşadığı, 10 yaşayış məntəqəsini birləşdirən, uzunluğu 43 kilometr olan Suqovuşan-Məmişlər-Qaralar-Qəfərli-Əhmədabad-Nərimankənd-Həşimxanlı avtomobil yolunun tikintisinə başlanılıb, indiyə kimi 35,8 kilometr olan kəndarası yollarda əsaslı təmir işləri görülüb.
Bildirilib ki, hesabat dövründə 432 şagird yerlik Moranlı kənd tam orta məktəbi üçün binanın tikintisi başa çatdırılıb, 360 şagird yerlik Yaxa Dəllək kənd tam orta məktəbinin binasının tikintisi davam etdirilib. Həmçinin 1176 şagird yerlik Qaratəpə kənd tam orta məktəbinin binasında əsaslı təmir işlərinə başlanılıb. 140 yerlik 1 saylı şəhər uşaq bağçasının binası yenidən qurulub, Ulacalı kəndində 20 yerlik uşaq bağçası üçün bina inşa olunub, 40 yerlik Qaraağac kənd uşaq bağçasında isə təmir işləri aparılır.
Hesabat ilində rayonda pambıqçılığın inkişafı üçün kompleks tədbirlər də görülüb. Məlumat verilib ki, 2016-cı ildə rayonda 6084 hektar sahədə pambıq əkilib, 7,7 min ton pambıq tədarük edilib. Məhsul istehsalının həcmi 2015-ci illə müqayisədə 4 dəfədən çox olub. Bu il isə rayonda daha çox pambıq əkilməsi üçün hazırlıq işləri görülüb. Pambıq emalının həcminin artırılması məqsədilə rayonda fəaliyyət göstərən pambıq emalı zavodu yenidən qurulub, fəaliyyəti genişləndirilib.
Yığıncaqda rayonda əhaliyə göstərilən poçt-rabitə xidmətinin, təbii qaz və elektrik enerjisi təminatının səviyyəsi, bu sahədə işləri daha da yaxşılaşdırmaq üçün həyata keçirilən tədbirlər də müzakirə edilib.
Prezident Administrasiyasının məsul əməkdaşı İbrahim Mustafayev, Milli Məclisin üzvləri Əhliman Əmiraslanov, Rüstəm Xəlilov və Elçin Quliyev dövlətimizin başçısının regionların inkişafına göstərdiyi qayğıdan danışıb, bu istiqamətdə həyata keçirilən irimiqyaslı layihələri diqqətə çatdırıblar.
Yığıncaqda cari ildə görüləcək işlər müəyyənləşdirilib, aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.