REGİONLAR


Sabirabadda 55 sahibkara 833 min manat güzəştli kredit verilib

A+ A

Sabirabad, 4 avqust, Mahir Babayev, AZƏRTAC 

Avqustun 4-də İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Sabirabadın Qaratəpə kəndində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirib. Tədbirdə sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə məlumat verilib, rayonda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələr təqdim edilib, sahibkarların investisiya layihələri maliyyələşdirilib.

AZƏRTAC xəbər verir ki, 100-ə yaxın sahibkarın iştirak etdiyi forum çərçivəsində rayonun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan ixtisaslaşdırılmış “yaşıl market”in, iri fermer, intensiv bağçılıq, cins heyvandarlıq təsərrüfatlarının, meyvə-tərəvəz və süd emalı müəssisələrinin və üçulduzlu otelin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçikhəcmli investisiya layihələrinin ümumi dəyərinin 100 faizədək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib. Sonra sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanılıb.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev qeyd edib ki, 2016-cı ilin ötən dövründə 1460 sahibkara 78,3 milyon manat güzəştli kredit ayrılıb. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 3500-dən çox yeni iş yerinin yaradılmasına imkan verir. Ümumilikdə isə indiyədək Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 12400-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 488 milyon manat güzəştli kredit verilib.

İşgüzar forum çərçivəsində Sabirabad və ətraf rayonlardan olan 55 sahibkara 833 min manat güzəştli kredit verilib. Kreditlər əsasən, heyvandarlıq, pambıqçılıq, taxılçılıq, balıqçılıq, meyvə şirələrinin istehsalı sahələrinin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 80-dən çox yeni iş yerinin açılması mümkün olacaq.

Forum çərçivəsində rayonda güzəştli kreditlər hesabına yaradılmış müasir istixana kompleksinə və meyvə-tərəvəz emalı müəssisəsinə baxış keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.