REGİONLAR


Sabirabadda 6 ay ərzində süni mayalanma yolu ilə 2140 baş buzov alınıb

Sabirabad, 8 avqust, Mahir Babayev, AZƏRTAC

Əsasən kənd təsərrüfatı rayonu olan Sabirabadda bir çox sahələrlə yanaşı, heyvandarlığın inkişafına da xüsusi diqqət yetirilir. Dövlət tərəfindən aqrar sektorun inkişafı istiqamətində həyata keçirilən tədbirlər, məhsul istehsalına görə verilən əlavə subsidiya və digər güzəştlər rayonda heyvandarlığın kompleks inkişafına müsbət təsir göstərir. Yeni-yeni heyvandarlıq kompleksləri, süni mayalanma məntəqələri və yem sexləri yaradılır ki, bu da ət, süd istehsalının və mal-qaranın baş sayının ilbəil artmasına səbəb olur. Hazırda rayonun heyvandarlıq təsərrüfatlarında 119 min 408 baş iribuynuzlu mal-qara, 219 min 459 baş qoyun-keçi saxlanılır. Cari ilin ötən ayları ərzində rayonda 8 min 494 ton ət (diri çəkidə), 54 min 098 ton isə süd istehsal olunub.

Son illər rayonda mal-qaranın cins tərkibinin yeniləşdirilməsi istiqamətində də xeyli iş görülüb. Bu məqsədlə rayona xarici ölkələrdən cins düyələr gətirilib, süni mayalanma məntəqələrinin şəbəkəsi genişlənidirlib.

Rayon Kənd Təsərrüfat İdarəsindən AZƏRTAC-a bildiriblər ki, hazırda rayonda 16 süni mayalanma məntəqəsi fəaliyyət göstərir. Ötən il bu məntəqələrdə mayalanan 5 min 513 baş inəkdən 4 min 234 baş buzov alınıb. Cari ilin altı ayında isə mütəxəssislər tərəfindən 1828 vətəndaşın təsərrüfatında mayalandırılan 3269 baş inəkdən bu yolla 2140 baş buzov alınıb.

Onu da qeyd yedək ki, süni mayalanma yolu ilə alınan buzovun hər başı üçün dövlət tərəfindən 100 manat subsidiya ödənilir. Ötən ilin oktyabr və bu ilin aprel ayları ərzində süni mayalanma yolu ilə doğulan buzovlar üçün rayonda 1408 maldara 165 min 300 manat subsidiya ödənilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.