REGİONLAR


Sabirabadda 6 ton barama istehsal olunacaq

Sabirabad, 20 aprel, AZƏRTAC

Cari ilin birinci rübündə Sabirabadda iqtisadiyyatın bütün sahələrində uğurlar qazanılıb, sosial obyektlərin tikintisi, sənaye və kənd təsərrüfatının inkişafı davam edib. Rayonda kənd təsərrüfatının digər sahələri ilə yanaşı, baramaçılığın inkişafına da xüsusi diqqət yetirilib. Ötən il rayonda 3075 kiloqram barama istehsal olunub. Cari ildə isə 6 ton barama istehsalı planlaşdırılıb. Bunun üçün 8 kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin ərazisində 62,5 min ədəd tut tingi əkilib. Hazırda rayonda barama istehsalı ilə bağlı hazırlıq işləri aparılır və kümçulərlə müqavilələr bağlanır.

AZƏRTAC xəbər verir ki, bu barədə Sabirabadda 2017-ci ilin birinci rübünün yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağında rayon icra hakimiyyətinin başçısı Nazim İsmayılov məlumat verib.

Bildirilib ki, hesabat dövründə rayonda geniş tikinti, abadlıq və quruculuq işləri aparılıb. “Sabirabad şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə ayrılan vəsait hesabına şəhərin Heydər Əliyev prospektində, 20 Yanvar, İlham İsgəndərov və digər küçələrində 17 çoxmərtəbəli ictimai yaşayış binasında əsaslı təmir işləri davam etdirilib. Binaların dam örtükləri, qapı və pəncərələri dəyişdirilib, ətrafları abadlaşdırılıb.

Qeyd olunub ki, hesabat dövründə 205 çarpayılıq rayon mərkəzi xəstəxanasının binasında, həmçinin Nizami kəndi ərazisində 300 nəfərin daimi iş yeri ilə təmin olunması nəzərdə tutulan quşçuluq kompleksində tikinti işləri aparılıb. Dövlətimizin başçısının tapşırığına əsasən rayonun Moranlı, Sarxanbəyli, Bala Həşimxanlı və Əliləmbəyli kəndlərinin əkin sahələrinin su təminatını yaxşılaşdırılması üçün kanalın çəkilişi davam etdirilib. Bu layihə 11 min 498 hektar sahənin su təchizatının yaxşılaşdırılmasına imkan yaradacaq.

Yanvar-mart ayları ərzində rayonda pambıqçılığın inkişafı üçün kompleks tədbirlər görülüb. Diqqətə çatdırılıb ki, cari ildə rayonda 15 min hektar sahədə pambıq əkilməsi nəzərdə tutulub. Artıq pambıq istehsalçıları tərəfindən 12 min 768 hektar sahədə pambıq əkilməsi üçün müqavilələr bağlanılıb. Həmçinin 2016-cı ildə cari ilin məhsulu üçün 24 min 475 hektar sahədə taxıl əkilib ki, bunun da 13 min 849 hektarı buğda, 10 min 626 hektar arpa sahəsidir.

Ötən müddətdə 20 min nəfər əhalinin yaşadığı, 10 yaşayış məntəqəsini birləşdirən, uzunluğu 43 kilometr olan Suqovuşan-Məmişlər-Qaralar-Qəfərli-Əhmədabad-Nərimankənd-Həşimxanlı avtomobil yolunun tikintisi davam etdirilib. Rüb ərzində 360 şagird yerlik Yaxa Dəllək kənd tam orta məktəbinin tikintisi, 1176 şagird yerlik Qaratəpə kənd tam orta məktəbində əsaslı təmir, Qəfərli kəndində 80 yerlik modul tipli məktəb binasının inşası və 40 yerlik Qarağac kənd uşaq bağçasında təmir işləri aparılıb. Rayonda 73 yeni müəssisə və təşkilat yaradılıb, 2080-i daimi olmaqla, 2110 iş yeri açılıb.

Yığıncaqda cari ildə görüləcək işlərlə bağlı müvafiq tapşırıqlar verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.