REGİONLAR
Sabirabadda ASAN könüllülərinin təşəbbüsü ilə Novruz-Dostluq festivalı keçirilib VİDEO
Sabirabad, 15 mart, Mahir Babayev, AZƏRTAC
Sabirabad rayonunda ASAN könüllülərinin təşəbbüsü ilə Novruz-Dostluq festivalı keçirilib.
AZƏRTAC xəbər verir ki, festivalda Türkiyə, İran, Hindistan və Əfqanıstanın ölkəmizdəki səfirliklərinin nümayəndələri iştirak ediblər.
Festival iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla anıblar.
Novruz atributları ilə bəzədilmiş meydanda qədim məişət əşyalarından ibarət sərgi iştirakçılarda böyük maraq doğurub. Kəndirbazların bir-birindən maraqlı çıxışları, pəhləvanların məharətləri alqışlarla qarşılanıb. İştirakçılar milli mətbəximizin müxtəlif növ yeməklərindən də dadıblar.
Sonra çaparların müşayiəti ilə Bahar qız meydana daxil olub.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov, Türkiyə, İran, Hindistan və Əfqanıstanın ölkəmizdəki səfirliklərinin nümayəndələri çıxış edərək, qədim Novruz ənənələrindən danışıblar.
Daha sonra bayram gəzintisi olub. Festival rayon mədəniyyət və incəsənət ustalarının konsert proqramı ilə davam edib.