REGİONLAR
Sabirabadda “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb VİDEO
Bakı, 5 yanvar, AZƏRTAC
Yeni ilin ilk iş günündən - yanvarın 5-dən etibarən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Sabirabad “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb.
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildiriblər ki, Sabirabad “ASAN xidmət” mərkəzi Şirvan şəhərində, Sabirabad, Saatlı, İmişli, Kürdəmir, Hacıqabul, Salyan, Beyləqan rayonlarında qeydiyyatda olan və ümumi sayı 900 minə yaxın vətəndaşa xidmət göstərir.
Hazırda ölkə üzrə 7 “ASAN xidmət” mərkəzi mövcuddur. Onlardan 4-ü paytaxt Bakıda, digər 3-ü isə regional mərkəzlər olmaqla Sumqayıt, Gəncə və Sabirabad şəhərlərində yerləşir.
“ASAN xidmət” mərkəzlərinin fəaliyyəti ilə əlaqədar məlumatı 108 “Çağrı” mərkəzinə zəng etməklə əldə etmək olar.