REGİONLAR
Sabirabadda “Könüllülər Yurdu - Azərbaycan” layihəsinə start verilib VİDEO
Sabirabad, 5 sentyabr, Mahir Babayev, AZƏRTAC
“ASAN Könüllüləri” Təşkilatı könüllülük fəaliyyətinin təbliği məqsədilə Sabirabadda “Könüllülər Yurdu - Azərbaycan” layihəsinə start verib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən layihəyə Beyləqan, İmişli, Saatlı, Şirvan və Sabirabad rayonlarından ümumilikdə 80 gənc cəlb edilib. İlk olaraq iştirakçılara “Şəxsi inkişaf”, “Könüllülüyün fəlsəfəsi və tarixi”, “ASAN Könüllüləri” təşkilatı, “ASAN School” könüllülük məktəbi və “ASAN Kadr”, “Dövlət orqanlarının şəxsi inkişaf üçün yaratdığı imkanlar” mövzularında təlimlər keçirilib.
Layihə çərçivəsində gənclərə könüllülük fəaliyyətinin praktiki cəhətdən öyrədilməsi məqsədilə rayon ərazisində ağacların əkilməsi və 1000 ailəyə könüllülük fəaliyyəti və “ASAN xidmət”in göstərdiyi xidmətlərlə bağlı maarifləndirici bukletlərin paylanması nəzərdə tutulur.
On beş gün davam edəcək layihənin əsas məqsədi gəncləri könüllü fəaliyyətə cəlb etmək və bununla da sosial-ictimai sahədə region gənclərinin rolunun artırılmasına nail olmaqdır.
“Könüllülər Yurdu – Azərbaycan” layihəsi çərçivəsində təlimlər Sabirabadla yanaşı, Bakı, Sumqayıt, Bərdə, Gəncə, Qəbələ, Quba və Masallı rayonlarında da təşkil olunacaq və ümumilikdə 600 gənci əhatə edəcək. Həmçinin bir sıra sosialyönümlü aksiyalar keçiriləcək və 50 min ailə maarifləndiriləcək.