REGİONLAR
Sabirabadda hər hektar qarpız sahəsindən 185-190 sentner məhsul götürülür
Sabirabad, 6 iyul, Mahir Babayev, AZƏRTAC
Cari təsərrüfat ilində Sabirabad fermerləri 4 min 146 hektarda bostan bitkiləri əkiblər ki, bunun da 3 min 392 hektarını qarpız sahəsi təşkil edir.
AZƏRTAC xəbər verir ki, bu il havaların əlverişli keçməsi qarpız sahələrində bol məhsulun yetişməsinə səbəb olub. Artıq bir neçə gündür ki, sahələrdə qarpız yığımına başlanılıb. İlkin nəticələr isə gözlənildiyindən də yüksəkdir. Qarpız sahəsinin hər hektarından 185-190 sentner məhsul götürülür.
Fermer Ənvər Təhməzovun sözlərinə görə, bazarlarda qarpızın qiyməti də onlar üçün sərfəlidir. Ötən il qarpızın 1 kiloqramı yerində 10 qəpiyə idisə, bu il 22-25 qəpiyə satılır. Bazarlarda qarpızın hər kiloqramı isə alıcılara 30-35 qəpiyə təklif olunur.
Sabirabadlı fermerlər bu il sahələrdən 64 min 500 tona yaxın məhsul götürmək niyyətindədirlər.