REGİONLAR
Sabirabadda işə salınan nasos stansiyası əkin sahələrini su ilə təmin edəcək
Sabirabad, 18 may, Mahir Babayev, AZƏRTAC
Sabirabadda əkin sahələrini su ilə intensiv təmin etmək üçün yeni nasos stansiyası işə salınıb.
Suqəbuledicinin istifadəyə verilməsi münasibətilə keçirilən mərasimdə rayonun rəhbər işçiləri, Milli Məclisin deputatları və “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin rəhbərliyi iştirak edib.
AZƏRTAC xəbər verir ki, rayonun Azadakənd kəndi ərazisində Kür çayından qidalanan nasos stansiyası Sarxanbəyli, Moranlı, Bala Həşimxanlı və Ələmbəyli kəndlərinin əkin sahələrinin su ilə təminatını yaxşılaşdıracaq. 3 kilometrlik iki boru xəttinin və uzunluğu 8 kilometr olan beton suvarma kanalının işə düşməsi ilə rayonun 11 min 498 hektar əkin sahəsi su ilə təmin olunacaq.
İki mərhələdən ibarət olan tikinti işlərinin birinci mərhələsi artıq başa çatıb. Suvarma kanalının ümumi uzunluğu 24 kilometr olacaq. Yeni stansiyanın su ötürmə qabiliyyəti saniyədə 10 kubmetrdir. Tikinti işləri zamanı uzunluğu 2880 paqonmetr olan 4 boru xətt inşa edilib, torpaqbərkitmə və betonlanma işləri aparılıb. Tikinti işlərində yerli istehsal olan boru xətlərindən istifadə edilib.
“Meliorasiya və Su Təsərrüfatı” ASC-nin həyata keçirdiyi tikinti işlərinə 50-yə qədər müxtəlif növ texnika və 100-dən çox işçi qüvvəsi cəlb edilib.