REGİONLAR


Sabirabadda istehlakçı hüquqlarına dair konfrans keçirilib

A+ A

Sabirabad, 25 noyabr, Mahir Babayev, AZƏRTAC

Noyabrın 25-də İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı ilə Sabirabadda "Hər bir istehlakçı öz hüquqlarını bilməli və tələb etməlidir" mövzusunda maarifləndirici konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə aidiyyəti dövlət qurumlarının, ictimai təşkilatların nümayəndələri və 300-dən çox istehlakçı iştirak edib.

Tədbirdə çıxış edən Xidmətin rəis müavini Araz Əliyev möhkəm təməllər üzərində qurulan ölkə iqtisadiyyatının inkişaf etdiyini, aparılan məqsədyönlü siyasət nəticəsində respublikada işgüzar fəallığın daha da yüksəldildiyini, istehlakçıların hüquqlarının qorunması istiqamətində dövlət qayğısının artdığını, bu sahədə etibarlı təminat sisteminin yaradıldığını və dövlət siyasətinin formalaşdırıldığını diqqətə çatdırıb.

Konfransda Dövlət Xidmətinin əməkdaşları “İstehlakçı hüquqlarının müdafiəsi ilə bağlı görülmüş işlər və qarşıda duran vəzifələr”, “Hər bir istehlakçı öz hüquqlarını bilməlidir”, “Ərzaq malları alarkən nələrə diqqət yetirməli” mövzularında məruzələrlə çıxış edib, istehlakçıların hüquqlarının qorunması sahəsində mövcud qanunvericilik bazası və digər aktual məsələlər barədə məlumat veriblər.

Məruzələrdən sonra Dövlət Xidmətinin əməkdaşları istehlakçı hüquqları, ticarət və xidmət qaydaları, ictimai-iaşə və xidmət müəssisələrinin vəzifələri barədə tədbir iştirakçılarının suallarını cavablandırıblar.

Tədbir çərçivəsində iştirakçılara istehlakçı hüquqlarına dair maarifləndirici materiallar paylanılıb.

Sonra Dövlət Xidməti tərəfindən rayonda fəaliyyət göstərən və malları (işləri, xidmətləri) dövlət vəsaitləri hesabına satın alınan təşkilatların nümayəndələri üçün də təlim kursları keçirilib.

Kurslarda dövlət vəsaitlərindən daha səmərəli istifadə edilməsi, dövlət satınalmaları sahəsində mövcud qanunvericilik, satınalma prosesində rəqabət, ədalət və şəffaflığın təmini, satınalma prosedurlarına əməl olunması və səmərəliliyin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib, təlim iştirakçılarının sualları cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.