REGİONLAR
Sabirabadda tələyə Amerika yenotu düşüb VİDEO
Sabirabad, 8 noyabr, İlkin Adıyev, AZƏRTAC
Sabirabadda tələyə ərazidə rast gəlinməyən Amerika yenotu düşüb.
AZƏRTAC xəbər verir ki, rayonun Qaraqaşlı kənd sakini Salman Muradov toyuq-cücəsini vəhşi çöl yırtıcılarından (tülkü, çaqqal və s.) qorumaq üçün yaşadığı təsərrüfatda tələ qurub. Tələyə bölgədə rast gəlinməyən Amerika yenotu düşüb.
Yenota rayon baytarları da baş çəkib. Salman Muradov deyir ki, heyvanın ayağı sağaldıqdan sonra onu zooparka təhvil vermək fikrindədir.
Qeyd edək ki, yenotların vətəni Amerikanın mülayim və tropik əraziləri, Kanadanın cənubundan Argentinaya qədər uzanan ərazilər sayılır. Bəzi yenotlar son 50 ildə insanlar vasitəsilə Avropaya gətirilib. Əsasən düzən meşəliklərdə yaşayan yenotun Sabirabad rayonunda necə peyda olması maraq doğurur.