CƏMİYYƏT
Sabirabadda ümumi dəyəri 25 min manatdan artıq olan mal-qaranı oğurlayan şəxslər tutulub VİDEO
Bakı, 14 iyul, AZƏRTAC
Vətəndaşlara məxsus şəxsi təsərrüfatlardan iri və xırdabuynuzlu mal-qara oğurlayan şəxslərə qarşı mübarizə tədbirlərini gücləndirmək məqsədilə daxili işlər orqanları tərəfindən əməliyyat tədbirləri davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sərxanbəyli kənd sakini Xanəhməd Məmmədova məxsus yardımçı təsərrüfatdan 2 baş inək oğurlamaqda şübhəli bilinən Bərdə rayon sakini, əvvəllər məhkum olunmuş İlyas Bədəlov və onun dayısı oğlu Xocavənd rayon sakini, əvvəllər məhkum olunmuş Ramil Cəfərov tutulublar.
Saxlanılan şəxslərin ətraflarında əməliyyat tədbirləri davam etdirilən zaman onların Sabirabad və ətraf rayonların ərazilərində yerləşən 13 fərdi təsərrüfatdan ümumi dəyəri 25 min manatdan artıq olan 20 iribuynuzlu mal-qara oğurladıqları məlum olub.
İ.Bədəlov və R.Cəfərov oğurladıqları mal-qaranın bir qismini Bərdə rayonunda bazarda sataraq əldə etdikləri pulu aralarında bölüblər. Heyvanların qalan hissəsi isə İ.Bədəlovun Bərdə rayonunda yerləşən evinin həyətindən aşkar edilərək zərərçəkənlərə qaytarılıb.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.