REGİONLAR
Sabirabadın 10 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun tikintisi davam edir
Sabirabad, 9 yanvar, Mahir Babayev, AZƏRTAC
Prezident İlham Əliyevin Sərəncamına əsasən Sabirabad rayonunun Suqovuşan-Qaralar-Qəfərli-Əhmədabad-Nərimankənd-Həşimxanlı kəndlərini birləşdirən avtomobil yolunun tikintisi uğurla davam edir.
AZƏRTAC xəbər verir ki, uzunluğu 43 kilometr olan yolun artıq 29 kilometrdən çox hissəsində tikinti işləri başa çatdırılıb. 18 min əhalinin istifadə edəcəyi yolda tikinti işlərinin sürətlə aparılması üçün işə bütün lazımi maşın-mexanizm cəlb olunub. Kəndləri birləşdirən yola üçqat olmaqla, 15 santimetr asfalt döşənəcək. Bu isə ağırtonnajlı maşınların da müntəzəm hərəkət etdiyi yolun uzun müddət istismarına imkan verəcək. Tikinti zamanı yeni körpülər tikilib, mövcud körpülər isə əsaslı təmir olunub. Yolun yaşayış məntəqələrindən keçən hissələrində 30 yolayrıcı quraşdırılıb, suötürücü borular yenilənib.
Hazırda avtomobil yolunun Qəfərli və Əsədli kəndlərindən keçən hissəsinə çınqıl döşənir, bərkitmə işləri aparılır. Yolun Suqovuşan kəndi ərazisindən keçən hissəsinə isə asfalt döşənir. İş icraçısı Niqab Həsənov bildirib ki, tikinti zamanı kəndlərin mərkəzinə qədər olan yollar da yenidən qurulur. Tikintinin başa çatması ilə 10 yaşayış məntəqəsinə gediş-gəliş xeyli yaxşılaşacaq.