REGİONLAR
Sabirabadın Qaralar kəndində yeni pambıq qəbulu məntəqəsi tikilir
Sabirabad, 8 avqust, Mahir Babayev, AZƏRTAC
Sabirabadın Qaralar kəndində Kənd Təsərrüfatı Nazirliyinin vəsaiti hesabına “Aqrolizinq” ASC-nin Sabirabad regional nümayəndəliyi tərəfindən yeni pambıq qəbulu məntəqəsi inşa edilir.
AZƏRTAC xəbər verir ki, 6 hektar ərazidə salınan məntəqə 5 min ton pambıq qəbuletmə gücünə malik olacaq. Tikintisinə ötən ay başlanan məntəqədə laboratoriya, pambıq tayaları üçün meydançalar, anbarlar və digər tikilər inşa edilir, havalandırma sistemi qurulur. Məntəqəyə su və elektrik xətləri çəkilir, yanğından mühafizə üçün müxtəlif qurğular quraşdırılır. Burada məhsul qəbulu üçün lazım olan ən müasir avadanlıqlar quraşdırılacaq. Tikinti işlərinin avqustun sonunadək başa çatdırılması nəzərdə tutulub.
“Sabirabad Kənd Təsərrüfatı” MMC-nin direktoru Xalid Məmmədovun sözlərinə görə, inşaat işlər tam başa çatdıqdan sonra məntəqə MMC-yə təhvil veriləcək. Məntəqədə “Sabirabad Kənd Təsərrüfatı” MMC-nin müqavilə bağladığı pambıqçıların istehsal etdiyi məhsullar qəbul olunacaq.