REGİONLAR
Sabirabadın Qaratəpə kənd orta məktəbinin binası əsaslı təmir olunur
Sabirabad, 7 noyabr, Mahir Babayev, AZƏRTAC
Sabirabadın Qaratəpə kənd tam orta məktəbinin binasında əsaslı təmir işlərinə başlanılıb.
Rayon icra hakimiyyətinin memarlıq və tikinti şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, smeta dəyəri 3 milyon 350 min manat olan təmir işlərinin gələn ilin sentyabr ayına kimi başa çatdırılması nəzərdə tutulub. Təmir zamanı məktəb binasının su, qaz, elektrik xətləri, dam örtüyü, qapı və pəncərələri yenilənəcək, isitmə və havalandırma sistemi qurulacaq. Təhsil ocağının yeni avadanlıq və inventarlarla təchiz olunması da nəzərdə tutulub. Bundan əlavə, məktəbin ərazisində abadlıq işləri aparılacaq, yeni idman qurğuları quraşdırılacaq.
Qeyd edək ki, 1981-ci ildə istifadəyə verilən məktəb binasında 35 il ərzində təmir işləri aparılmayıb. Bu da məktəbdə təhsilin yüksək səviyyədə təşkilində müəyyən çətinliklər yaradır, təhsil islahatı ilə bağlı qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsinə mənfi təsir göstərirdi.