REGİONLAR
Sabirabadlı fermerlər taxıl sahələrindən 95 min 661 ton məhsul götürüblər
Sabirabad, 12 iyul, Mahir Babayev, AZƏRTAC
Sabirabadlı fermerlər ötən ilin payızında bu ilin məhsulu üçün 24 min 620 hektar sahədə taxıl əkiblər. Bu il havalar əkinçilik üçün əlverişli keçdiyindən taxıl sahələrində bol məhsul yetişib.
Rayon Statistika İdarəsindən AZƏRTAC-a bildiriblər ki, məhsul yığımına mütəşəkkil başlayan sabirabadlı fermerlər biçim kampaniyasını qısa müddətdə başa çatdırıblar. Taxıl istehsalı ilə məşğul olan mülkiyyətçilər əkdikləri 14 min 206 hektar buğda sahəsindən 57 min 260 ton məhsul götürüblər. Buğda sahəsinin hər hektarının məhsuldarlığı 40,4 sentner olub. Arpa yığımında da yüksək nəticələr əldə olunub. Səpin keçirilmiş 10 min 414 hektar arpa sahəsindən 38 min 401 ton məhsul götürülür. Ümumilikdə bu il sahələrdən 95 min 661 ton məhsul götürülüb ki, bu da ötən ildəkindən 3121 ton çoxdur.
Hazırda torpaq mülkiyyətçiləri ikinci məhsul götürmək məqsədilə sahələri əkin üçün hazırlayırlar. Bu məqsədlə sahələrdəki küləş preslənib götürülür, şum aparılır, arxlar qaydaya salınır.