REGİONLAR
Şabran-Siyəzən seçki dairəsinin 1 saylı seçki məntəqəsində son hazırlıq işləri görülür VİDEO
Şabran, 19 oktyabr, Elxan Yusifli, AZƏRTAC
54 saylı Şabran-Siyəzən dairə seçki komissiyasında noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərə hazırlıq işləri sürətlə davam edir. İki rayonu əhatə edən dairə üzrə ümumilikdə 49 min 859 seçici səsvermə hüququna malikdir. Onlardan 29 min 10 nəfəri Şabran, 20 min 849 nəfəri isə Siyəzən rayonundan olan seçicilərdir.
AZƏRTAC xəbər verir ki, 54 saylı Şabran-Siyəzən seçki dairəsinə aid 42 məntəqənin hər birində seçicilərin tam şəffaf və demokratik şəraitdə səs verməsi üçün şərait yaradılıb. Şabran şəhər 1 nömrəli məktəbin binasında yerləşən 1 saylı seçki məntəqəsində də son hazırlıq işləri görülür. Bu məntəqədə 1280 seçici qeydə alınıb. Onlardan 15 nəfəri ilk dəfə səsvermə hüququndan istifadə edəcək gənclərdir. Bu məntəqədə səs verəcək ən yaşlı seçicinin 99 yaşı var. Əlillik və xəstəliyi ilə əlaqədar seçki günü səsvermədə iştirak edə bilməyən 7 şəxs səyyar seçki qutuları vasitəsilə səs vermək üçün məntəqə seçki komissiyasına müraciət edib.
Məntəqə zəruri texniki vasitə və metodiki vəsaitlərlə, elektrik enerjisi və rabitə şəbəkəsi ilə təmin olunub. Seçicilərin öz seçimlərini sərbəst şəkildə etmələri üçün kabinələr quraşdırılıb. Komissiya üzvləri Mərkəzi Seçki Komissiyası tərəfindən təşkil edilən treninqlərdə iştirak edib, səsvermə günü prosedurları barədə ətraflı təlimatlandırılıblar. Məntəqədə seçicilərin siyahısı asılıb, bildirişlər hazırlanıb.
Məntəqə seçki komissiyasının sədri Rəna Məmmədova AZƏRTAC-a bildirib ki, hər bir şəxs seçki günü səsverməni onlayn izləyə bilər. Bunu təmin etmək üçün məntəqədə veb-kamera quraşdırılıb.
Hazırda seçki məntəqəsində seçicilərə paylanmaq üçün bildiriş vərəqələri yazılır.