CƏMİYYƏT
Şabran gəncləri “Tullantısız, təmiz ətraf mühit!” layihəsinə cəlb olunublar
Bakı, 10 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə Şabran rayonunda “Tullantısız, təmiz ətraf mühit!” layihəsinin icrası uğurla davam edir.
Layihənin rəhbəri Qadir Pirverdiyev AZƏRTAC-a bildirib ki, məqsəd gəncləri ətraf mühitin tullantılardan təmizlənməsinə qarşı mübarizə üçün maarifləndirmək və onların bu sahədə rolunu artırmaqdır. Rayonda fəaliyyət göstərən peşə və orta məktəblərin şagirdləri layihəyə cəlb olunublar. Onlara ətraf mühitə düşən tullantıların miqdarının təbiətin onu parçalaya və zərərləşdirə biləcəyindən çox olmamasının vacibliyi aşılanır.
“Tullantısız, təmiz ətraf mühit!” layihəsinin başqa regionlarda da həyata keçirilməsi nəzərdə tutulub. Şabranda fərqlənən gənclər sonrakı layihələrdə təlimçı kimi fəaliyyət göstərəcəklər. Bu da layihənin davamlılığını qismən təmin edəcək.