REGİONLAR
Şabran rayonunun Pirəmsən kəndinə təbii qazın verilişi bərpa edilib
Şabran, 28 iyul, Elxan Yusifli, AZƏRTAC
Şabran rayonunun yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində tədbirlər davam etdirilir.
AZƏRTAC xəbər verir ki, iyulun 28-də rayonun Pirəmsən kəndinə təbii qazın verilməsi münasibətilə mərasim keçirilib. Rayon icra hakimiyyətinin, “Azəriqaz” İstehsalat Birliyinin nümayəndələrinin qatıldığı tədbirdə çıxış edənlər kənd sakinlərini “mavi yanacağ”ın bərpası münasibətilə təbrik ediblər.
Bildirilib ki, 170 abonent olan Pirəmsən kəndinin qazlaşdırılması “Azəriqaz” tərəfindən qısa müddətdə həyata keçirilib. Yaşayış məntəqəsinin “mavi yanacaq”la təminatı üçün birpilləli sistem əsasında ümumi uzunluğu 11 min 500 metr olan müxtəlif diametrli polad borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib. Bununla yanaşı, kənddəki bütün abonentlər üçün qaz sayğacı və fərdi tənzimləyici quraşdırılıb.
Çıxışlarda rayonun yaşayış məntəqələrinin “mavi yanacaq”la təminatı vətəndaşlarla yanaşı, təbiətə, ətraf mühitə qayğı kimi qiymətləndirib. Qeyd olunub ki, bu ilin sonuna kimi rayonun daha 6 yaşayış məntəqəsi təbii qazla təmin ediləcək.
Mərasimdə çıxış edən kənd ağsaqqalları əhalinin sosial problemlərinin həllinə göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Sonra qaz xəttinin açılışını bildirən məşəl alovlandırılıb və kəndə təbii qaz verilib.