REGİONLAR
Şabran və ətraf rayonlardan olan 43 sahibkara 808 min manat güzəştli kredit verilmişdir VİDEO
Şabran, 13 iyun (AZƏRTAC, Elxan Yusifli). İyunun 13-də İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Şabran rayonunun Şahnəzərli kəndində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirmişdir.
Əsas məqsəd sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə ətraflı məlumatların verilməsi, Şabranda reallaşdırılması məqsədəuyğun hesab edilən nümunəvi layihələrin təqdim olunması, sahibkar-müvəkkil kredit təşkilatı münasibətlərinin möhkəmləndirilməsi, sahibkarların investisiya layihələrinin maliyyələşdirilməsidir.
AZƏRTAC xəbər verir ki, forumdan əvvəl Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə dövlətin güzəştli krediti hesabına Şabran rayonunun Gəndob kəndində 50 ha ərazidə salınmış müasir üzümçülük təsərrüfatına və tutumu 10 min ton olan logistik mərkəzin fəaliyyətinə baxış keçirilmişdir.
Ümumilikdə, 70-ə yaxın sahibkarın iştirak etdiyi tədbirdə Şabran rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan müasir çörək istehsalı müəssisəsinin, 50 başlıq südlük istiqamətli müasir ailə fermer təsərrüfatlarının, pendir istehsalı müəssisəsinin, intensiv üzümçülük təsərrüfatlarının və plastik qapı-pəncərə istehsalı müəssisəsinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmiş, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100 faizədək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilmiş, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanılmışdır.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirmişdir ki, 2014-cü ilin ötən dövrü ərzində 2246 sahibkara 118,9 milyon manat güzəştli kredit verilmişdir. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 5200-ə yaxın yeni iş yerinin yaradılmasına imkan verir.
Ümumilikdə, indiyədək Şabran rayonundan olan 92 sahibkara 20,6 milyon manat güzəştli kreditlər (bu gün verilmiş kreditlər də daxil olmaqla) verilmiş və bu kreditlər hesabına 1100-dən çox yeni iş yerləri yaradılmışdır.
İşgüzar forum çərçivəsində Şabran və ətraf rayonlardan olan 43 sahibkar 808 min manat güzəştli kredit almışdır. Bu kreditlər əsasən, heyvandarlıq, üzümçülük, meyvəçilik, quşçuluq və s. sahələrin inkişafına yönəldiləcəkdir. Həmin kreditlərin hesabına 80-ə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur.