REGİONLAR
Şabran və ətraf rayonlardan olan 44 sahibkara 1 milyon manat güzəştli kredit verilib VİDEO
Şabran, 6 avqust, Elxan Yusifli, AZƏRTAC
Avqustun 6-da Şabran və ətraf rayonlardan olan 44 sahibkara 1 milyon manat güzəştli kredit verilib. Verilən kreditlər əsasən, heyvandarlıq, toxumçuluq, bağçılıq, əkinçilik, arıçılıq, logistik mərkəzin inşası və s. sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 70-dən çox yeni iş yerinin açılması mümkün olacaq.
AZƏRTAC xəbər verir ki, kreditlər İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən rayonun Rəhimli kəndində keçirilən sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair növbəti işgüzar forum çərçivəsində təqdim olunub.
Tədbirdə sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə ətraflı məlumat verilib, Şabran və ətraf rayonlarda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələr təqdim edilib. Bununla yanaşı, forumda sahibkar-müvəkkil kredit təşkilatı münasibətlərinin möhkəmləndirilməsi istiqamətində müzakirələr aparılıb və sahibkarların investisiya layihələri güzəştli qaydada maliyyələşdirilib.
Səksənə yaxın sahibkarın iştirak etdiyi forum çərçivəsində Şabran rayonunda ixtisaslaşdırılmış “yaşıl market”in, intensiv bağçılıq, cins heyvandarlıq və istixana təsərrüfatlarının, çörək, şirniyyat və plastik qapı-pəncərə istehsalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib. Forumda kiçikhəcmli investisiya layihələrinin ümumi dəyərinin 100 faizədək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilərək, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanılıb.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirib ki, 2015-ci ilin ötən dövrü ərzində respublika üzrə 3 min 470-dən çox sahibkara 128,5 milyon manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə, investisiya layihələrinin reallaşdırılması 7 min 900-ə yaxın yeni iş yerinin yaradılmasına imkan verir.
Qeyd edilib ki, ümumilikdə, indiyədək Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 2 min 20-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 137 milyon manat güzəştli kredit verilib. Digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistika mərkəzlərinin, üzümçülük, intensiv bağçılıq, istixana təsərrüfatlarının, meyvə-tərəvəz emalı, quru meyvə, tara, tikinti materialları istehsalı müəssisələrinin yaradılması və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilərək, 10 min 400-dən çox yeni iş yerinin açılması imkanı yaradılıb.
Forum çərçivəsində Şabran rayonunun Gəndov kəndində güzəştli kreditlərdən istifadə etməklə tikilən logistik mərkəzə, üzümçülük təsərrüfatlarına və Dəvəçi kəndində salınan meyvə bağına baxış keçirilib.