ELM VƏ TEXNOLOGİYA


Şabranda “Məktəbə hazırlıq proqramı” layihəsi həyata keçirilir

Şabran, 5 sentyabr (AzərTAc). Sentyabrın 5-də Şabran Mədəniyyət Sarayında təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilmişdir.
AzərTAc xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər güllər düzmüş, xatirəsini ehtiramla yad etmişlər.
Konfransda ötən tədris ilinin yekunları və qarşıda duran vəzifələr haqqında geniş məruzə dinlənilmişdir.
Bildirilmişdir ki, ötən dərs ilində Şabranda 20 orta, 17 əsas, 11 ibtidai məktəb və 5 məktəbdənkənar tərbiyə müəssisəsi fəaliyyət göstərmişdir. Cəmi 48 ümumtəhsil məktəbində 7526 nəfər şagird təhsil almışdır ki, onların da təlim – tərbiyəsi ilə 919 nəfər müəllim məşğul olmuşdur. 2013-cü ildə ali məktəblərə qəbul imtahanlarına qatılan 199 nəfər abituriyentdən 75 nəfəri tələbə adını qazanmışdır.
Konfransda təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi və yeni məktəblərin tikintisinin bu gün dövlətimizin diqqət mərkəzində olduğu diqqətə çatdırılmışdır. Bildirilmişdir ki, rayonun Pirəbədil kəndində tikilmiş müasir tələblərə cavab verən 180 şagird yerlik məktəb binası yeni dərs ilinə tam hazırdır. Təzəkənddə tikilən 100 yerlik yeni məktəb binasında tamamlanma işləri aparılır.
Şabran şəhər 2 nömrəli məktəb–liseyin müəllimi Kəmalə Şeydayeva “İlin ən yaxşı müəllimi” müsabiqəsinin qalibi olmuş və ona Azərbaycan Prezidentinin 2013-cü il 6 avqust tarixli Sərəncamına əsasən 5000 min manat pul mükafatı verilmişdir.
Bildirilmişdir ki, UNİCEF və Təhsil Nazirliyinin birgə əməkdaşlığı, Maliyyə Nazirliyinin dəstəyi ilə rayonda yeni pilot layihə - “Məktəbə hazırlıq proqramı” layihəsi həyata keçirilir. Şabran rayonu ilə yanaşı, Yardımlı və Gədəbəy rayonlarında da həyata reallaşdırılan layihəyə uyğun olaraq 1-ci sinfə gedəcək uşaqların iyunun 10-dan başlayaraq avqustun 16-dək 10 həftəlik təlim məşğələləri keçirilmişdir. Məşğələləri aparmış müəllimlər üçün 2 qrup üzrə 5 günlük təlim kursları təşkil edilmişdir. Əsasən kənd məktəblərinin cəlb olunduğu təlim məşğələlərində rayonun 27 ümumtəhsil məktəbindən 689 nəfər məktəb yaşlı uşaq iştirak etmişdir ki, onların təlim – tərbiyəsi ilə 42 nəfər treninqdən keçmiş peşəkar müəllim məşğul olmuşdur.
Sonra qəbul imtahanlarında yüksək nəticə göstərmiş tələbələrə, həmçinin qabaqcıl təhsil işçilərinə mükafatlar təqdim edilmişdir.
Konfrans iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul olunmuşdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır