REGİONLAR
Şabranda Novruz bayramı münasibətilə ənənəvi at yarışları keçirilib VİDEO
Şabran, 14 mart, Elxan Yusifli, AZƏRTAC
Martın 14-də Şabran rayonunun Ağalıq kəndində Novruz bayramı münasibətilə ənənəvi at yarışları təşkil olunub.
AZƏRTAC xəbər verir ki, yarışın final mərhələsində birincilik uğrunda 20 çapar mübarizə aparıb. Finalçılar 68 kəndi təmsil edən iştirakçılar arasından seçilib.
Azərbaycanın tanınmış paralimpiyaçıları İlham Zəkiyev və Vüsalə Kərimova da rayon ictimaiyyəti nümayəndələri ilə birlikdə at yarışlarının final mərhələsini izləyənlər arasında olub.
Bayram tonqalı alovlandırıldıqdan sonra ötən il keçirilən yarışın qalibi Həsən Əliyev və paralimpiyaçı Vüsalə Kərimova Dövlət himninin sədaları altında Azərbaycan bayrağını yüksəkliyə qaldırıblar.
Tədbirdə çıxış edənlər turnirin əhəmiyyətindən danışaraq bildiriblər ki, tərbiyəvi əhəmiyyətə malik, xalqımızın qəhrəmanlığını simvolizə edən bu kimi qədim adət-ənənələrin təbliği olduqca vacibdir.
Dörd mərhələdən ibarət yarışda rayonun Ağalıq kənd sakini Mirxəlil Ağayev “Şimşək” ləqəbli atı ilə qalib gəlib. Bütün iştirakçılara həvəsləndirici mükafatlar, finişə birinci çatan Mirxəlil Ağayevə isə yarışın kuboku təqdim olunub.
İkiqat Paralimpiya və dünya, beşqat Avropa çempionu, cüdoçu İlham Zəkiyev də tədbirdə xüsusi diplomla təltif edilib.
Tədbirin sonunda əlil arabasında idman rəqsi üzrə yarışlarda ölkəmizi təmsil edən Vüsalə Kərimova çoxdankı arzusunu reallaşdırıb. Paralimpiyaçımız yarışın qalibi olan atın tərkinə minərək xatirə şəkli çəkdirib.
Mərasimdə milli mətbəximizin nümunələri nümayiş etdirilib, yerli incəsənət nümayəndələrinin ifasında konsert proqramı təşkil olunub.
Şabranda artıq 9-cu ildir ki, Novruz bayramı ərəfəsində at yarışları təşkil edilir.