REGİONLAR


Şabranda Quba-Xaçmaz regionunun rayonları üçün yeni tullantı poliqonu və çeşidləmə məntəqəsi tikiləcək

A+ A

Şabran, 15 iyul, Elxan Yusifli, AZƏRTAC

Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə “Samur-Abşeron suvarma sisteminin yenidən qurulması” layihəsi çərçivəsində ilkin mərhələdə Taxtakörpü su anbarı zonasında Xızı və Siyəzən rayonlarında 10 min hektar əkin sahəsi suvarma suyu ilə təmin edilib. Şabran rayonunda isə 14 min hektara yaxın yeni suvarılacaq torpaqlarda meliorativ tədbirlərin layihə sənədlərinin hazırlanması başa çatdırılıb. Cari ildə digər rayonlar və Şabran rayonunda meliorativ işlər davam etdirilməklə 6 min 200 hektar, o cümlədən 4 min 500 hektar yeni suvarılan torpaqların istifadəyə verilməsi və 1700 hektar sahənin su təminatının yaxşılaşdırılması təmin ediləcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Şabran Rayon İcra Hakimiyyəti başçısının yanında şuranın 2016-cı ilin ilk yarım ilinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclasında məlumat verilib.

Yığıncaqda rayon icra hakimiyyəti başçısı Novruz Novruzovun hesabat məruzəsi dinlənilib. Qeyd olunub ki, rayonda abadlıq işləri geniş vüsət alıb. Heydər Əliyev parkında Uşaq və Gənclər Mərkəzinin, Şəhidlər xiyabanında soyqırımı abidəsinin və Qəhrəmanlar Seyrəngahının tikintisi davam etdirilir. Şəhərin cənub girişində yeni parkın salınmasına başlanılıb.

İlin birinci yarısında rayonda məhsul buraxılışının həcmi 71 milyon manat olub. Sənaye məhsulu istehsalı ötən ilin müvafiq dövründən 2 dəfə çox artaraq 11,5 milyon manata çatıb. Kənd təsərrüfatı məhsulları istehsalı isə 6,2 faiz artaraq 45 milyon manat olub. Hesabat dövründə 637 yeni iş yeri açılıb ki, onun da 613-ü daimi iş yeridir.

Şura iclasında qeyd olunub ki, Şabran rayonunda Quba-Xaçmaz regionunun rayonları üçün yeni zibil və tullantı poliqonu, eləcə də çeşidləmə məntəqəsinin tikintisi nəzərdə tutulub. Artıq mütəxəssislər tərəfindən Dəvəçi bələdiyyəsinin ərazisində uyğun yer müəyyən edilib.

Bildirilib ki, rayonda təhsilin maddi-texniki bazasının yaxşılaşdırılması məqsədilə 80 şagird yerlik Taxtalar ümumi orta məktəbin tikintisi davam etdirilir. Ağalıq kəndində 35 yerlik körpələr evi-uşaq bağçasının tikintisi üçün layihə smeta sənədləri hazırlanıb.

Rayonun Uzunboyad kəndində tibb məntəqəsinin, Gəndov kəndində isə kənd təsərrüfatı məhsullarının satışının təşkili üçün bazarın tikintisi artıq yekunlaşıb. Günəşli kəndində toxum təmizləmə, yem üyütmə sexinin inşası davam etdirilir.

Təbii qaz təchizatının yaxşılaşdırılması və yaşayış məntəqələrinin qazlaşdırılması ilə əlaqədar tədbirlər də mütəmadi davam etdirilir. Bu il Günəşli və Mumlu kəndlərinə təbii qazın verilməsi təmin olunub.

Şuranın iclasında idarə və təşkilatların rəhbərləri görülən işlər və qarşıda duran vəzifələrlə bağlı çıxışlar edib, bir sıra təkliflər səsləndirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.