REGİONLAR
Şabranda altı ayda 42,5 milyon manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunub
Şabran, 31 iyul, Elxan Yusifli, AZƏRTAC
İlin birinci yarısında Şabran rayonunda sosial-iqtisadi sahədə müsbət dinamika davam edib, abadlıq-quruculuq işlərində, sosial infrastrukturun yaxşılaşdırılmasında müsbət irəliləyiş əldə olunub.
AZƏRTAC xəbər verir ki, bu barədə rayon icra hakimiyyətində cari ilin altı ayında görülən işlər və qarşıda duran vəzifələrlə bağlı keçirilən şura iclasında məlumat verilib.
Tədbirdə bildirilib ki, cari ilin 6 ayında rayonda sənaye məhsulu istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 22 faiz artaraq 4,6 milyon manata, kənd təsərrüfatı məhsulları istehsalı 9,5 faiz artaraq 42,5 milyon manata çatıb. Hesabat dövründə rayonda 275 yeni iş yeri açılıb ki, bunun da 230-u daimidir.
Qeyd edilib ki, rayonun yaşayış məntəqələrinin qazlaşdırılması və qaz təchizatının yaxşılaşdırılması tədbirləri sürətlə davam etdirilir. İlin əvvəlində Zöhramı, daha sonra isə Pirəmsən kəndinə təbii qazın verilişinə başlanılıb. İndi rayon əhalisinin 73 faizi “mavi yanacaq”la təmin olunur. 2015-ci ilin sonunadək Günəşli, Dağbilici, Sumaqova, Mumlu, Xəlilli kəndlərinin də qazlaşdırılması nəzərdə tutulub.
Rayonda təhsilin maddi texniki bazasının yaxşılaşdırılması məqsədilə 80 şagird yerlik Taxtalar ümumi orta məktəb binasının tikintisi davam etdirilir. Bununla yanaşı, 35 yerlik Ağalıq körpələr evi-uşaq bağçasının tikintisi üçün artıq layihə smeta sənədləri hazırlanıb.
Hazırda Şabran şəhərindəki Güləmli yaşayış massivində 5 nəfər Qarabağ müharibəsi əlili və şəhid ailəsi üçün fərdi yaşayış evləri tikilir.
Yığıncaqda bildirilib ki, rayonda kənd təsərrüfatı sahəsində də irəliləyiş əldə edilib. 2015-ci ilin məhsulu üçün əkilmiş 12 min 174 hektar buğda və arpa sahəsində taxıl biçini artıq başa çatdırılıb. Əkin sahələrindən 22 min 664 ton məhsul yığılıb. Hesabat dövründə quşçuluq müəssisələrində 8,6 min ton quş əti istehsal edilib.
Sonda müzakirə edilən məsələlərlə bağlı qərar qəbul olunub.